Mal-qara arasında göbələk xəstəliyi yayıldı

20 Avqust 2013 19:15 (UTC+04:00)
Samuxun üç kəndində mal-qara arasında xəstəlik yayılıb.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Yenikənd, Lüksemburq və Qırmızı Samux adlanan yaşayış məntəqələrində iribuynuzlu heyvanların iştahası kəsilir, ayaqları tutulur. Kənd sakinlərin bildirdiyinə görə, 5 gündür, xəstəlik kütləvi hal alıb, əksər heyvanlar sözügedən xəstəliyə yoluxub.

Samux rayon Baytarlıq Xidmətinin rəisi Mürvət Bağırovun bildirdiyinə görə, rayonda epizootik vəziyyət sabitdir, bütün yaşayış məntəqələri nəzarət altındadır.

Xidmət rəisi xəstəliyin səbəbini hava şəraiti ilə əlaqələndirib: "Son günlər hava şəraiti dəyişkən keçdi. Gah yağış yağdı, gah gün çıxdı. Belə olanda çöldə ot bitkiləri arasında göbələk xəstəliyi yayılır. Heyvanlar da bu otlarla qidalananda, maddələr mübadiləsi pozulur, halsızlıq əmələ gəlir. Buna görə də heyvanların ayaqları tutulur, yeriməkdə çətinlik çəkir".

M. Bağırov bildirib ki, kənd sakinləri heyvanların su tələbatını vaxtı vaxtında ödəyə bilmədikləri üçün göbələk xəstəliyi fəsadlar yaradır.

Xidmət rəisi gücləndirilmiş iş rejiminə keçdiklərini, mal-qarada göbələk xəstəliyinə qarşı müalicə aparıldığını bildirib.

O, xəstəliyin qorxulu olmadığını da qeyd edib.

AzNews.az