200 illik assimliyasiyanın ağır nəticələri: Sorğular nə deyir?

14 İyun 2024 11:25 (UTC+04:00)

İranda bir sorğuda "Uşaqlarınız sizinlə hansı dildə danışır?" sualına azərbaycanlıların 13,5 faizi türkcə, 59,5 faizi farsca deyə cavab vermişdilər. İranda yaşayan türklərin öz övladları ilə ünsiyyətdə daha çox fars dilinə üstünlük verməsi qeyd etdiyimiz kimi, orta təhsilin farsca olması ilə əlaqədar idi. Azərbaycan türkcəsinin uzun əsrlərdən bəri təhsil sisteminə yol tapa bilməməsi və rəsmi dövlət dili statusu almaması belə mühüm və həssas problemlərin yaranmasına gətib çıxarırdı. Etno-demoqrafik nəzəriyyəyə görə, danışıq dilinin dəyişməsi müxtəlif miqrasiyaların və bəzi hallarda əhatəsinə daxil olduğu xalqın dilini prestij hesab etməsinin nəticəsi olaraq meydana çıxır. Məsələn, Tehranda yaşayan Azərbaycan türkünün fars dilində danışması anlaşılandır (müşahidələrimizə görə İranda da fars dilini bəzi hallarda prestij hesab etdiklərindən daha çox ondan istifadə etməyə can atırlar, eynən Azərbaycan Respublikasında rus dilindən istifadə edildiyi kimi). Lakin ABŞ-dakı cənubi azərbaycanlılar arasında əsas ünsiyyət dili kimi farscanın qalması maraq doğurur. Bunula belə, ünsiyyət dilinin dəyişməsi iddiasını bütün cənubi azərbaycanlılar barədə irəli sürmək düzgün olmazdı. İranda türklərin kompakt yaşadığı bölgələrdə Azərbaycan türkcəsinin ünsiyyət, şifahi xalq yaradıcılığı vasitəsi kimi öz hakim rolunu saxlamasını dərin tədqiqat aparmadan, səthi müşahidələrlə belə qeydə almaq mümkündür. Ünsiyyətdə fars dilinə üstünlük verənlər İran türklərinin yalnız müəyyən bir qrupunu əhatə edir.

Etno-demoqrafik məsələləri araşdıran mütəxəssislərin "...bir qrup insanın başqa bir etnosun dilinə keçməsi, heç də həmişə etnik assimilyasiyaya aparıb çıxarmır" kimi fikirlərinin nümunəsi olaraq Tehranda, digər fars bölgələrində, eyni zamanda ABŞ və bir çox Qərb ölkələrində yaşayan İran azərbaycanlılarının milli haqlar uğrunda mübarizədə daha aktiv fəaliyyətini qeyd edə bilərik. Azərbaycan dilinin bugünkü vəziyyətini keçmişlə müqayisə etsək, görərik ki, hazırda Qacarlar dövründə olduğu kimi, bu dilin funksional sahəsi şifahi və məişət dili çərçivəsi ilə məhdudlaşdırılıb. Fərq ondan ibarətdir ki, Qacarlar dövründə bu, təbii yolla baş vermiş və işlənmə arealı da çox böyük idi, hazırda isə hakim rejimin müəyyən etdiyi siyasət nəticəsində reallaşdırılır, danışıq dili kimi istifadə arealı da tədricən daralır (xüsusən ən son nəsil olan azyaşlı uşaqlar arasında). Baxmayaraq ki, hüquqi sistem etnik dillərin funksional dairəsini məhdud olsa da genişləndirmişdi.

İranda qeyri-fars dillərinin assimilyasiya siyasətinin son vasitələrindən biri kimi İran Dövlət Radio-Televiziya Qurumunun yerli televiziya və radio proqramlarında milli dillərdə hazırlanan verilişlərdə danışıq mətnlərinin ən az 75 faizinin farsca kəlmə lərdən ibarət olması haqqında təlimatını göstərmək olar. Səda və Sima (dövlət radio-televiziyası) şirkətinin Şərqi Azərbaycan əyaləti üzrə baş müdiri Qulaməli Fəthabadinin tabeliyindəki xəbərlər mərkəzinə yazdığı 16 fevral 1994-cü il tarixli məktubunda göstərir ki, xəbər proqramının aparıcıları "yerli dildən fərqlənən" dildə proqram hazırlayırlar Açıq-aşkar Azərbaycan dilinin leksik-qrammatik cəhətdən assimilyasiyası aparılır. Bu, fərdlərin assimilyasiya olunmasından daha təhlükəlidir. Radio-televiziyalarda Azərbaycan türkcəsində olan verilişlərin dili əsasən, 70 faiz fars söz və ifadələri ilə "zənginləşdirilib".

Hətta İran cəmiyyətinin ən mühafizəkar sosial qrupu sayılan ruhanilərin ali təbəqəsindən olan Təbrizin müvəqqəti imam-cüməsi ayətullah Meşkini "Səda və Sima" şirkətinin belə tipli verilişlər yaymasını pisləyərək qeyd edirdi: "Bu təşkilat elə məhəlli proqramlar icra edir ki, başdanbaşa farsidir və bir nəfər savadsız türk ondan bir şey bilməz, nə üçün belə bərnamələr gərək icra olsun ki, xəlq ondan bir şey dərk edə bilməsinlər?" Azərbaycan türkcəsində olan mətbu vasitələrinin nəşrinə çox məhdud şəkildə, rejimin müvafiq idarələrinin nəzarəti altında icazə verilib. Milli hüquqların tanınması mövzusuna toxunan dövri nəşrlər dərhal bağlanır. Qəzetlərdən "Fəcri Azərbaycan", "Məhdi Azadi", "Omide Zəncan" və s. qəzetlərin bir-iki səhifəsi türk dilindədir. Türk dilində də bir qayda olaraq ədəbi-bədii materiallar dərc olunurdu. Elə anlaşılır ki, türk dili yalnız bayatı və tapmaca dilidir, bu dildə ciddi bir elmi-nəzəri məqalə yazmaq olmaz, onun imkanları məhduddur".

Yazı Ortaq Dəyərlər İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Xaricdə yaşayan azərbaycanlıların haqlarının müdafiəsi” layihəsi çərçivəsində dərc olunur

Pərvanə