Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etsə də, qarşımızda böyük çağırışlar dayanır. Bu çağırışların əsaslarından biri 30 il erməni işğalında olmuş və bu illər ərzində vəhşicəsinə dağıdılmış, talan edilmiş yurdlarımızı bərpa etmək, həmin torpaqlara yenidən həyatı qaytarmaqdır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım parlamentdə “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Fatma Yıldırım deyib ki, artıq o torpaqlara həyat qayıdır, insanlar doğma yurdlarına dönürlər: “Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Lakin Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması hələ də ən böyük təhdidlərdən biridir. Vətən Müharibəsi başa çatdıqdan sonra 380-dən çox vətəndaşımızın mina terrorunun qurbanı olması bizi çox üzür. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Dövlət tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu işlərlə məşğul olan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızı və Şərqi Zəngəzuru mina terrorundan təmizləmək üçün öz canlarını təhlükəyə atıblar. Müzakirə etdiyimiz qanun layihəsi minatəmizləmə sahəsində görülən işlərin daha da təkmilləşməsinə, bu işlərin sürətlənməsinə öz töhfəsini verəcək”.
Deputat qeyd edib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir: “Minatəmizləmə fəaliyyətimizin mütləq hissəsi ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər. Bütün silahların, o cümlədən minaların tərkibindəki toksidlər illərlə torpağı və suyu zəhərləyir. Yəni mina problemi təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də təhdiddir.
Ermənistan törətdiyi bu dəhşətli cinayətlərə görə cavab verməlidir”.