Suallarımıza Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru, ETSN yanında İctimai Şura üzvü, "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin eksperti Elşad Əsgərov cavab verir
- Hazırda Azərbaycanda ovçuluq təsərrüfatlarının ekosistemlərə və təbiətə təsiri ilə bağlı əsas problemlər hansılardır?
Ən böyük problem odur ki, ovçuluq təsərrüfatlarının əksəriyyəti köçəri və qışlayan quşların istirahət və qışlama yerlərində yerləşir. Bu təsərrüfatlar əsasən miqrasiya edən və qışlayan su quşlarının ovlanması ilə məşğul olur ki, bu da təbiətə və ekosistemlərə ciddi təsir edir. Dəqiq məlumatlar olmasa da, bu fəaliyyətin köçəri və qışlayan quşların populyasiyasına mənfi təsir göstərdiyi şübhəsizdir. Quşlar bu təsərrüfatlarda narahat edilirlər, nəticədə onların sayı azalır. Bəzi təsərrüfatlar su ərazilərinə bağlı olmasa da, yerli populyasiyalara, məməli heyvanlara da təsir göstərir. Məncə, ovçuluq təsərrüfatları elə qurulmalıdır ki, özləri heyvanları yetişdirib təbiətə buraxsınlar və yalnız o heyvanları ovlamaqla gəlir əldə etsinlər. Milli park və qoruqların ərazisində çoxalan heyvanların ovlanması doğru deyil. Əsasən, təsərrüfatın öz ərazisində yetişdirilmiş heyvanların ovlanması daha uyğun olardı.
- Müasir ovçuluq təsərrüfatlarının idarə olunmasında hansı beynəlxalq təcrübələr tətbiq edilməlidir ki, dayanıqlı və məsuliyyətli ovçuluq təmin edilsin?
Ovçuluq təsərrüfatlarının əsas məqsədi özləri yetişdirdikləri heyvanların ovunu təşkil etmək olmalıdır. Bu, təbiətə daha az ziyan vurulmasını təmin edər. Fermerlərin ev heyvanlarını yetişdirib qida təminatını qarşıladığı kimi, ovçuluq təsərrüfatları da qırqovul, kəklik və ya dırnaqlı heyvanlar yetişdirib, onları təbiətə buraxmalı və sonra ovunu təşkil etməlidirlər. Bu yanaşma daha məqbul olar.
- Azərbaycanın qanunvericiliyi ovçuluq təsərrüfatlarının fəaliyyətini nə dərəcədə effektiv tənzimləyir və hansı sahələrdə hüquqi islahatlara ehtiyac var?
Keçmiş qanunvericiliklərimizdə bəzi qarışıqlıqlar var idi. Sovet dövründən qalan Azərbaycan Ovçular Birliyinin özünəməxsus ovçuluq əraziləri vardı. Lakin zamanla bir çox dəyişikliklər baş verdi. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində bir sıra ovçuluq təsərrüfatları fəaliyyət göstərir. Mövcud qanunvericilikdə fərdi ovçuluq təsərrüfatlarının yaradılması daha məqsədəuyğun hesab olunur. Bu təsərrüfatların özəl torpaqlarda yaradılması, ərazilərin icarəyə götürülərək idarə edilməsi və yalnız öz yetişdirdikləri heyvanların ovlanması vacibdir. Təbiətin yetişdirdiyi heyvanları ovlatmaq düzgün yanaşma deyil. Yeni qanunvericilikdə şəxsi təsərrüfatların bu prinsiplərə əsaslanaraq yaradılması nəzərə alınmalıdır.
- Ovçuluq təsərrüfatlarının ətraf mühitə vurduğu ziyanı minimuma endirmək üçün hansı ekoloji siyasətlər və tədbirlər həyata keçirilməlidir?
Müasir texnologiyalar artıq ovçuluq təsərrüfatlarına nəzarət etməyə imkan verir. Qanunsuz ovçuluğa qarşı kameralardan və video müşahidə sistemlərindən istifadə edilir. Bu avadanlıqlar heyvan populyasiyalarını monitorinq etməklə yanaşı, ovçuları da qeydə alır. Eyni zamanda, təbliğat işlərinin aparılması zəruridir. Təbliğatsız həyata keçirilən işlərin effektivliyi çox vaxt aşağı olur.
- İqlim dəyişikliyi və digər ekoloji faktorlar ovçuluq təsərrüfatlarına necə təsir edir və bu dəyişikliklərə uyğunlaşmaq üçün hansı addımlar atılmalıdır?
İqlim dəyişiklikləri təkcə ovçuluq təsərrüfatlarına deyil, bütün ekosistemə təsir göstərir. Ovçuluq təsərrüfatlarında ovun planlaşdırılmasında iqlim faktorlarını nəzərə almaq lazımdır. İqlim dəyişdikcə növlərin yaşayış yerləri, ekosistemlərin tərkibi və hətta meşələrin sərhədləri dəyişir. Bu proseslər təbiətə yeni təhdidlər yaradır. Ovçuluq təzyiqi və iqlim faktorlarının təsiri müəyyən növlərin məhv olmasına gətirib çıxara bilər. Məsələn, köçəri quşların ənənəvi istirahət və qışlama yerləri Xəzər dənizinin suyunun geri çəkilməsi səbəbindən təhlükə altındadır. Bu quşlar indi daha uzaq yerlərə getməli olur. Bu faktorlar nəzərə alınmalıdır.
- Azərbaycanda ovçuluq təsərrüfatlarının iqtisadi inkişafı üçün hansı strategiyalar tətbiq olunmalıdır ki, təbiətin mühafizəsi ilə balanslaşdırılsın?
Almaniyada bir milli parkın ətrafında turizm yolları təşkil edilmişdir. Bu, qanunsuz ovçuluğun qarşısını almağa kömək edib. Park ərazisində turistlərin hərəkəti həmin ərazilərdəki qanunsuz fəaliyyətləri azaldır. Turistlər həm də ərazinin iqtisadi inkişafına kömək edir, çünki onların axını yerli məhsulların satışını artırır və bölgənin iqtisadi vəziyyətini yaxşılaşdırır. Bu, həm təbiətin mühafizəsinə, həm də yerli əhalinin rifahına müsbət təsir edir.
Turistlərin olduğu ərazilərdə qanunsuz ovçuluq azalır, çünki həmin ərazilər daha çox nəzarət altında olur. Bu, həm təbiəti, həm də iqtisadiyyatı dəstəkləyir. Ekoturizm milli parklara və təbiət ərazilərinə gəlir gətirməklə yanaşı, yerli əhalinin gəlir mənbələrini də artırır. Nəticədə, yerli əhali təbiətin qorunmasına daha çox maraq göstərir, çünki onlar turizmdən faydalanırlar və bu ərazilərin mövcudluğu onlara iqtisadi cəhətdən dəstək verir.
- Ovçuluq təsərrüfatlarının gələcək dayanıqlı inkişafı üçün ekspert olaraq hansı prioritetləri görürsünüz və hansı dəyişikliklər zəruridir?
Gələcəkdə dayanıqlı inkişafı təmin etmək üçün beynəlxalq modelləri tətbiq etmək lazımdır. Məsələn, cüyür və maral kimi ov heyvanları Avropada milyonlarla ovlanır, lakin düzgün qaydalarla nəsilləri qorunur. Azərbaycanda isə cüyür və maral Qırmızı Kitaba düşüb. Almaniyada hər il təxminən 1.5 milyon cüyür ovlanır, lakin qanunvericilik ciddi şəkildə tənzimlənir və qanunsuz ovçuluğa qarşı yüksək cərimələr tətbiq edilir. Azərbaycanda da belə qaydalar tətbiq edilməlidir ki, həm ovçuluq sənayesi inkişaf etsin, həm də təbiət qorunsun.

Müsahibə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində hazırlanıb.