Aygün Kazımova diplomatik pasport alıb – QANUNSUZ

21 Avqust 2013 13:14 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovaya diplomatik pasport verilib. Bu barədə AzNews.az-a daxil olan eksklüziv məlumatda deyilir ki, A.Kazımova diplomatik pasportu ötən il noyabrın 1-də əldə edib.

Onu da öyrənmişik ki, xalq artisti bu günə qədər bu pasportdan 15 dəfə istifadə edib. Pasportda olan möhürlərdən bəlli olur ki, A.Kazımova diplomatik pasportla etdiyi səfərlər əsasən Türkiyəyə, bir dəfə isə Rusiyaya olub. Xalq artisti bu pasportla Türkiyəyə 15 dəfə səfər edib. Bu barədə bizə məlumat verən mənbə Aygün Kazımovanın diplomatik pasportunun seriya nömrəsini də təqdim edib: S0120909
Məsələ ilə bağlı əlaqə saxladığımız A.Kazımovanın prodüseri Almaz Mustafayev məlumatı təsdiqləyib. O deyib ki, həqiqətən də xalq artistinin diplomatik pasportu var.

Xatırladaq ki, qanunvericilikdə xalq artistlərinə diplomatik passportun verilməsi nəzərdə tutulmayıb. Bu baxımdan, A.Kazımovanın xidməti pasportu necə alması xeyli dərəcədə maraqlı görünür.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən münasibət öyrənmək istəsək də, cəhdimiz uğursuz alındı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev telefon zənglərinə cavab vermədi.
Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısını təqdim edirik:

1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).

2. Dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri:

2.1. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);

2.2. Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;

2.3. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;

2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;

2.5. Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;

2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;

2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;

2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);

2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;

2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;

2.11.Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;

2.12. Yerli icra hakimiyyəti orqanlarının başçıları.

3. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxslər.

4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:

4.1. Prezident Administrasiyasının, Prezidentin İşlər İdarəsinin, Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları;

4.2. İnzibati vəzifələrin birinci-səkkizinci təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla);

4.3. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər;

4.4. Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.5. Vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.6. Prokurorluq orqanlarının müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan baş prokuror, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla);

4.7. Feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları;

4.8. Mərkəzi Bankın baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;

4.9. Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;

4.10. Xarici ölkələrdəki nümayəndəliklərin inzibati-texniki işçiləri.

5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:

5.1. Xarici ölkələrdəki nümayəndəliklərin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri) və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları;

5.2. Beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri.

Anar
AzNews.az