Goranboyda əhali mitinq keçirir? – Rəsmi açıqlama

21 Avqust 2013 15:41 (UTC+04:00)
Virtualaz.org saytı Goranboy rayonunda əhalinin mitinq keçirdiyini yazıb. Sayt iddia edir ki, Goranboyda Kəlbəcərdən olan 100-dən yuxarı qaçqın işığın olmamasına və onlara ayrılmış torpaq sahələrinin ağdamlı qaçqınlara verilməsinə etiraz olaraq icra başçısına qarşı üsyana qalxıb. Məlumata görə, etirazçılar əllərində ağ bayraqlar tutaraq Ermənistanla sərhədə doğru hərəkət ediblər: "20-yə yaxın adam da bu qrupa qoşulmaq üçün təpənin o biri tərəfindən hərəkətə keçib".

Məsələ ilə bağlı Goranboy rayon icra başçısının müavini Elçin İsmayılov AzNews.az-a açıqlamasında deyib ki, rayonda aksiya keçirilmir. Onun sözlərinə görə, rayonda tam sakitlikdir və heç bir problem yoxdur: "Bu gün hətta başçısının qəbul günü idi. Rayon sakinlərinin nədənsə narazılıqları olsaydı, orada deyərdilər. Heç bir problem yoxdur. Rayonda hansısa aksiyadan söhbət gedə bilməz".

Azər
AzNews.az