“Yeni hökumətdə əli qana bulaşmış adamlar var” – İTTİHAM

22 Avqust 2013 08:58 (UTC+04:00)
Əjdər Tağızadə: "Rejim 34 il sonra bu çətinlikləri çözə bilmir və çözə bilməyəcək"

"İranın nüvə proqramı Amerika, dünya dövlətləri üçün problemdir. Ölkənin əsarətdə yaşayan xalqları üçün uranın zənginləşdirilməsi problemi yoxdur. Zindanda olan, dar ağacından asılan türklər çörək, su, azadlıq, demokratiya, qanun, siyasi hüquqlar istəyirlər". Bunu Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə AzNews.az-a açıqlamasında deyib. O, İranda iyunun 14-də keçirilən prezident seçkiləri, ondan əvvəl və sonrakı siyasi vəziyyət, həmçinin azərbaycanlıların yeni prezidentdən gözləntilərindən danışıb. Ə.Tağızadənin fikrincə, İranda keçirilən prezident seçkiləri ölkədəki böhranı artırıb. Dünya dövlətlərinin qoyduğu sanksiyalar isə iqtisadi, sosial, səhiyyə sahəsində böhranın miqyasını ən son həddə çatdırıb. Ölkənin valyutası tamamilə ölü durumdadır: "Seçkiqabağı hakimiyyət daxilində çəkişmələr üzə çıxdı. Bu da aşağılarda olan problemlərin və onları hakimiyyətin həll edə bilməməyinin nəticəsi idi".

Ə.Tağızadənin fikrincə, sadalanan çətinliklərin rejimin mahiyyətindən irəli gələn səbəbləri daha çoxdur: "Rejim 34 il sonra bu çətinlikləri çözə bilmir və çözə bilməyəcək. İranın nüvə silahı ilə bağlı planları və bu niyyətinə qarşı dünya dövlətlərinin təpkisi, Amerika və Avropa dövlətlərinin tətbiq etdiyi sanksiyalara İran hakimiyyət nümayəndələrinin münasibəti bu böhranın əsas səbəbi idi. Reallıq göstərdi ki, Əhmədi Nejatın "Sanksiyalar kağız parçasından başqa bir şey deyil" deməsi, istərsə də, Xamneyinin sanksiyaların İran dövlətinin əsasını, iqtisadiyyatını sarsıda bilməyəcəyi, hətta xeyir gətirəcəyi barədə bəyanatları sözdən başqa bir şey deyil. Reallıq isə ondan ibarətdir ki, İrana dərmandan tutmuş hər şey xaricdən gəlir. Müəllimlər, həkimlər maaşlarını ala bilmir. Sanksiyalar isə gündən-günə artır. Son vəziyyət isə ondan ibarətdir ki, ölkədə dərmanlar da tapılmır, dərman almağa pul da. Çoxsaylı millətlərin iş-aş kimi məsələləri isə öz həllini gözləyir".

Ə.Tağızadə hesab edir ki, əslində prezident seçkiləri, prezidentin kim olması İran kimi dövlətdə heç nəyi dəyişmir: "Prezidentliyə namizədlərin səlahiyyətlərini yoxlayan təşkilat "Şurayi digahfan"da belə rejimin bünövrəsini qoyan Rəfsəncaninin deyil, Həsən Ruhaninin daha doğru namizəd olduğuna inandılar. 8 nəfər namizədin içindən yalnız Həsən Ruhanininin ortaq mövqe tutaraq problemləri həll edə biləcəyini düşündülər. Sanki İran adlanan yerdə baş verən bütün problemlərin həlli prezidentin əlindədir. Halbuki İranın Konstitusiyasında, qanunlarında, sisteminin quruluşunda prezidentin yerini, faktiki olaraq əlindən heç nə gəlmədiyini hamı bilir. Prezident icraedici şəxslərdən biridir. Ancaq sistem elə qurulub ki, prezidentin səlahiyyətləri məhduddur. İran adlanan yerdə hər şeyin başında Seyidəli Xamneyi durur. İstər daxili, istərsə də xarici məsələləri məhz Xamneyi həll edir. İranda dövlətin idarəetməsi tamamilə Xamneyinin əlindədir. Vəziyyət ondan ibarətdir ki, Seyidəli Xameneyi nazirliklərə paralel orqanlar yaradıb. Ondan kənarda heç kim heç nə edə bilmir. Heç kim ondan hesab soruşa bilmir. Fəqih üsul idarəsi adlanan bu sistem qüvvədə olduğu müddətdə İranda nəyisə dəyişməyə ümid etmək düz deyil. Birdəfəlik anlamaq lazımdır ki, İranda Ruhani heç nə edə bilməz. Buna inanmaq özünü aldatmaqdır".

DAK yetkilisi bildirib ki, onun sözlərinin təsdiqi olaraq yeni kabinetin tərkibinə nəzər yetirmək kifayətdir: "Yeni prezident Həsən Ruhani kabinetini məclisə təqdim etdi və məlum oldu ki, ədliyyə naziri əli qanabatmış adamdır. Prezident özü də etiraf edir ki, bu adam beynəlxalq axtarışdadır. Bir sözlə, Nazirlər Kabinetinə baxanda görürsən ki, hamısı işgəncələrdə, ölümlərdə iştirak etmiş, korrupsiyaya bulaşmış, bir sözlə cinayətkar insanlardır".

Onun sözlərinə görə, İranda azərbaycanlılar bilir ki, bu rejim onlara nə dil, nə çörək, nə də siyasi hüquq verəcək: "Ermənilərin hələ şah dövründən aldığı hüquqlar uğrunda azərbaycanlılar hələ də mübarizə aparır. Halbuki, ermənilərin illərdir ki, İran parlamentində nümayəndəsi, kilsəsi, məktəbləri var. Azərbaycan türklərinin nəyi var? İllərdir ki, Azərbaycan türkü işgəncələrə məruz qalır, talan olunur, zindana salınır. Azərbaycan Respublikasında da bilməlidirlər ki, Həsən Ruhaninin dedikləri də Rəfsəncanidən üzü bəri verilən yalan vədlərin davamı olacaq. Elə seçkilərdən sonrakı vəziyyət də bunu aydın göstərir".

Ə.Tağızadə bildirib ki, yeni prezidentin gəlişi ilə insanların zindana salınması, onlara işgəncə verilməsi dayandırılmayıb: "Ziyalıların hamısını zindana salıb, bəzilərinə 50-60 il iş kəsiblər. Zindanda qoluqandallı olanların hamısı Azərbaycan türkləridir. Təbrizdə, Ərdəbildə işsizlikdir. Urmiya və ətraf rayonları isə kürdlərə verib talan etdirirlər. Urmiya gölünü qurudub camaatın təsərrüfatını məhv edirlər. Cinayətkar şahlar top-tüfənglə xalqı didərgin salırdı, əliqanlı mollalar isə gölü qurudub ac qoymaqla torpaqlarını tərk etməyə məcbur edirlər".

Odur ki, azərbaycanlılar fars rejiminin mahiyyətinin dəyişəcəyinə inanmır: "Azərbaycan və Türkiyədə dostlarımız ayıq olmalı, mollaların hiylələrinə inanmamalıdırlar. Çünki nəinki prezident, hətta Xamneyinin yerinə başqa molla qoysalar da, fars rejiminin mahiyyəti, Azərbaycan türkünə qarşı 100 ildir davam edən münasibət dəyişməyəcək".

Ruhiyyə
AzNews.az