Dini qurumlar İlham Əliyevə dəstək bəyanatı qəbul etdilər

22 Avqust 2013 10:23 (UTC+04:00)
Sumqayıt şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə Respublikanın Sumqayıt-Abşeron bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda keçirilən regional konfransının iştirakçıları Prezident İlham Əliyevə dəstək bəyanatı qəbul ediblər.

Trend xəbər verir ki, bəyanatda bildirilir ki, bu gün xalqımız və dövlətimiz üçün böyük və ciddi əhəmiyyəti olan tarixi hadisə - ölkə Prezidenti seçkisi ərəfəsindəyik: "Seçkilərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcudur. Lakin bu, dindar üçün həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki dindar insan seçkilərdə iştirak etməklə həm vətəndaşlıq, həm də dini borcunu yerinə yetirmiş olur. Bu baxımdan dindarların cəmiyyətin önəmli təbəqələrindən biri kimi seçkilərdə daha aktiv iştirak etmələri zəruri və təbii haldır.

Ölkədəki mövcud vəziyyəti düzgün qiymətləndirən, eləcə də dövlətin din sahəsində apardığı siyasəti və gördüyü böyük quruculuq işlərini təqdir edən Şimal bölgəsinin dindarları artıq öz seçimlərini edərək namizədlərini müəyyənləşdirmişlər. Bu namizəd Azərbaycanın gələcək inkişafının təminatçısı İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə Sumqayıt-Abşeron bölgəsində deyil, bütün ölkə ərazisində hər bir dindar üzərinə düşən vəzifənin məsuliyyətini nəzərə alaraq ciddi səylə çalışacaq və cənab Prezidenti dəstəkləməklə Azərbaycanımızın tərəqqisinə öz töhfəsini verəcəkdir."

AzNews.az