“Əmin idim ki, Milli Şura Rusiyanın layihəsidir“

23 Avqust 2013 08:51 (UTC+04:00)
"Belə çıxır ki, hörmətli Rüstəm bəy, eləcə də Eldar Namazov, İbrahimbəyova yaxın olan siyasətçilər, ziyalılar bu müddət ərzində hər kəsə yanlış məlumat veriblər"

"Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rauf Arifoğlunun APA-ya müsahibəsi


- Müxalif düşərgədə Sizin də təmsil olunduğunuz partiyanın daxil olduğu Milli Şuranın buraxılması təklifi ilə çıxış etmisiniz. Bu təklifi zəruri eləyən səbəblər nədir?


- Milli Şura layihəsi yaranan gündən bəri müxalifət düşərgəsində iflic və böhran prosesi başlayıb. Bütün siyasi həyat dayanıb, sanki tıxac yaranıb. Hər kəs yalnız bir nəfərin pasport və sair problemlərini həll edib, Azərbaycana - müxalifətin başına gəlib-gəlməyəcəyi ilə məşğuldur. İndiyə qədər mövcud olan və uğurlu fəaliyyəti müəyyən fraqmentlərlə təsdiq olunan qurumlar da vardı ki, sıradan çıxdı. Buna nümunə kimi mənim də Koordinasiya Şurasında təmsil olunduğum İctimai Palatanı göstərmək olar.

Milli Şura yaranandan və bu layihə ətrafında proseslər başlayandan ölkənin siyasi həyatındakı aktivlik də tamamilə durduruldu. Piketlər, fleşmoblar, kütləvi etiraz aksiyaları-hamısı dayandı. Milli Şura layihəsi o qədər ciddi yanlışlıqlarla müşahidə olundu ki, Azərbaycan müxalifətinin müqavimət əmsalını sıfrın altındakı bir vəziyyətə gətirib çıxardı. Mən siyasətlə məşğul olan və buna görə də siyasi proseslərin aktivləşməsində maraqlı olan şəxs kimi, eyni zamanda, siyasi düşərgədə fəallıqdan tiraj qazanan bir qəzetin sahibi kimi, əlbəttə, ölkəmin normal siyasi həyatı olmasını istəyirəm. İndiki böhran vəziyyəti isə bu istəyimə imkan vermir. Bu da bizim hər birimizin həyatına, şansına, gələcəyinə pis təsir göstərir. Milli Şura üzvlərinin əksəriyyəti, bu koalisiyanın rəhbərləri ayrı-ayrılıqda artıq dalan, böhran vəziyyəti olduğunu etiraf ediblər. Böhrandan çıxmaq üçün göstərilən təşəbbüslər də bu böhranı daha da dərinləşdirir, yeni bir böhran dalğası yaradır. Son 10 gündə də bu istiqamətdə atılmış bütün addımlar böhranı daha da dərinləşdirib. Bu baxımdan da hesab edirəm ki, Milli Şura, bura daxil olan partiyalar gerçəkdən seçkilərdə iştirak etmək istəyirlərsə, tələsməlidirlər. Gecikirlər. Seçkidə iştirak etmək kimi normal, siyasi partiyaların boynuna biçilmiş prosesə mane olan yeganə faktor isə yalnız Milli Şuradır. Buna görə də mən bu qurumun buraxılmalı olduğunu demişəm. Bu qurumun varlığı imkan vermir ki, mənim də üzvü olduğum Müsavat Partiyası öz namizədini irəli sürsün. 20 gün əvvələ qədər bizim partiyanın irəli sürdüyü namizədə hələ də öz namizədliyini geri götürməsini elan etmədiyinə görə, ehtiyatlı davrandığına görə Milli Şuranın bəzi dəstəkçiləri az qala vətənə xəyanət damğası vururdular. Milli Şura ilə bağlı tənqid səsləndirən hər kəsi də demokratiyaya xəyanətdə günahlandırırdılar. İndi elə vəziyyət yaranıb ki, bizim aylar əvvəl dediklərimizi özləri təkrar edirlər, amma vəziyyətdən çıxmaq üçün heç bir cəhd göstərmirlər. Ona görə də hesab edirəm ki, ən uğurlu çıxış yolu Milli Şuranı buraxılmasıdır və qurumun tərkibində olan komponentlərin öz aralarında lokal şəkildə razılığa gəlməsidir. Mən təklif edirəm ki, əgər, məsələn, AXCP və Müsavat Partiyası, bunların liderləri professor Cəmil Həsənlinin ehtiyat namizədliyi ətrafında razılığa gəliblərsə, onlar iki partiya olaraq bunu Milli Şuradan ayrılaraq özləri həyata keçirsinlər. Onsuz da Milli Şuranın əsasını, insan resurslarını daha çox bu partiyalar müəyyən edir. Milli Şuranın buraxılaraq ortaq hədəfləri olan təşkilatların yenidən qısa zaman ərzində koalisiya formalaşdırmasını, o cümlədən də Müsavat və AXCP-nin bir şəxsin namizədliyi üzərində anlaşma imzalamasını təklif edirəm.

- Ümumiyyətlə, Milli Şuranın qurum olaraq fəaliyyətini tamamilə dayandırmasını təklif edirsiniz?

- Bəli. Məntiq və yaranmış vəziyyət bunu diktə edir. Guya bu Milli Şura hakimiyyəti dəyişmək üçün, seçkilərdə daha güclü qüvvə ilə təmsil olunmaq üçün yaranmışdı, amma heç biri alınmadı. Hədəf tutmadı, əkisinə, zərərə gətirib çıxartdı. Bu layihədən imtina eləmək lazımdır. Milli Şura komponentlərinin seçkidə normal iştirakını təmin eləməyin yeganə yolu budur.

- Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina eləmək üçün aylar əvvəl deyil, avqustun 13-də müraciət etməsi barədə məlumat yayılıb. İbrahimbəyov özü isə Sizin qəzetə açıqlamasında ərizəni iyulun 8-də yazdığını, amma onun sənədlərinin Miqrasiya İdarəsində məhz avqustun 13-də qeydiyyata alındığını təsdiqləyib. Amma bundan əvvəl İbrahimbəyov həm Sizin qəzetə, həm də "mediaforum" saytına bir neçə müsahibəsində bütün sənədlərini təqdim etdiyini, məsələnin yalnız Rusiya prezidenti Putinin idarəsindən asılı olduğunu deyib. "İbrahimbəyov Milli Şuranı" aldadıb?


- Bu, analoqu olmayan, tarixi bir skandaldır. Belə çıxır ki, hörmətli Rüstəm bəy, eləcə də Eldar Namazov, İbrahimbəyova yaxın olan siyasətçilər, ziyalılar bu müddət ərzində hər kəsə yanlış məlumat veriblər. Ərizə Miqrasiya Xidmətinə qəbul olunmadığı, heç bir hərəkətin baş vermədiyi bir halda "pasportla bağlı problemin həlli sürətlənir" deyə, dəfələrlə açıqlama veriblər. Bunu niyə belə ediblər, məqsədləri nə olub, heç bir izahat tapmıram. Amma nəticəni deyə bilərəm - bütün bunların nəticəsində müxalifətin yeni birliyinə, vahid namizəd konsepsiyasına xalqda olan ümid dəhşətli zərbə aldı. Belə birlik nə zaman olacaqdısa, həmin perspektivi bitirdi. Müxalifətin tanınmış bir ziyalının ətrafında birləşməsi modelini gözdən saldı. Ən əsası da, imkan vermədi ki, hakimiyyət namizədinin qarşısına ciddi bir rəqib çıxarılsın...


- Milli Şura daxilində son vaxtlar söz atışmaları çoxalıb. Siz özünüz də ad çəkmədən kimisə ciddi tənqid edir, ittihamlar irəli sürürsünüz. Nə baş verir?

- Müəyyən fikir ayrılıqlarının olması təbiidir. Çünki müxalifət düşərgəsinin ən böyük layihəsi iflasa uğrayıb. Bu düşərgəyə rəhbər seçilən şəxsi Azərbaycana gətirmək mümkün olmur. Ənənəvi müxalifət düşərgəsinin təmsilçilərinin yeni bir liderlə siyasi mübarizəyə atıldığını müşahidə etdiyimiz zaman məlum oldu ki, bu lider, ümumiyyətlə, bütün təkidlərə baxmayaraq Azərbaycan sərhədlərinə girmək fikrində deyil. Bu baxımdan fikir ayrılıqları olur.

Amma çox təəssüf hissi ilə müşahidə etməkdəyəm ki, bir sıra Milli Şura üzvləri, bu quruma daxil olan bəzi partiyalar və onların fəalları, sosial şəbəkələrdəki virtual uzantıları bütün günahları yığıb "Yeni Müsavat" qəzetinin, şəxsən mənim üzərimə qoymaq niyyətindədirlər. Sanki bütün bunları mən etmişəm. Mən bir qəzetin sahibiyəm, bu qəzetin də işinin bir hissəsi yazmaq, tənqid etmək, münasibət bildirmək, təftiş etmək, hadisələr haqqında özünün bildiyi şərhi yaymaqdır. Mən də bu işlə məşğulam. Ola bilər bu, kiminsə xoşuna gəlməsin. Buna görə bir qəzeti hədəfə götürmək, onu mənəvi repressiyalara məruz qoymaq olmaz ki... Üç-dörd ay əvvəldən Milli Şura layihəsində olmayacağımı bəyan etmişəm. Çünki bilirdim, əmin idim ki, bu layihə avantüradır; üstəlik, Rusiyanın layihəsidir; Azərbaycana heç də yaxşı münasibət bəsləməyən dövlətin iç siyasətimizə öz maraqları çərçivəsində müdaxiləsidir. Bu baxımdan, bəyan etdim ki, mən burada yoxam. Sadəcə, bu qurumun fəaliyyətini işıqlandırıram, çünki bu mənim işimdir. Bu işə görə məni istər iqtidar, istərsə də müxalifət şantaj, təhdid edirsə, bu, söz azadlığını boğmaq deməkdir. Təəssüf ki, indi yazdıqlarımıza görə müxalifət düşərgəsindən təhqir olunuruq, onların təzyiqləri ilə üzləşirik. Bu, bizi üzür, narahat edir və biz həm də bunların yanlış olduğunu yazırıq. Üzərimizə gələn hücum dalğasını dəf edirik, bildiririk ki, ortaya çıxan bu rəzil nəticələrin səbəbkarı biz deyilik. Bu vəziyyəti özündənrazı müxalifət liderləri, onların yaxın çevrələri yaradıb. Siyasətlə 25 ildir iç-içə olan, onun 24 ilini qəzet redaktoru kimi fəaliyyət göstərən bir şəxs olaraq, yuxarıda dediyim bilgiləri lap əvvəldən bu liderlərin hər birinə ayrı-ayrılıqda və ümumi iclaslarda demişdim, Milli Şura layihəsinin boş olması barədə xəbərdarlıq etmişdim. Bunun Azərbaycanın bütün demokratik qüvvələrinə yaxşı heç nə vəd eləmədiyini detallarla açmışdım. Elə həmin vaxtdan məni necə hədəfə götürüblərsə, indi də elə davam edirlər. İndi də günahkar axtarırlar, buna görə də sosial şəbəkələrdə, qəzetlərində və imkanları çatan başqa yerlərdə ünvanıma, qəzetimə yönəlmiş təhqirlər yağdırmadadırlar. Əslində günahkar elə bunların özləridirlər. Hələ bunları barmaqla göstərib, Azərbaycan xalqının bunlara inanmamasını və etibar etməməsini söyləməliyik. Biz bunu etmirik, çünki bu bizim işimiz deyil. Xalq özü hər şeyi görür, qərarını özü verir. Bununla bərabər, biz etiraz edirik. Üzərimizə bu cür gəlməyin əxlaqsızlıq və tərbiyəsizlik olduğunu bəyan edirik. Bunun söz və mətbuat azadlığına zidd olduğunu deyirik. Şəxsimə, qəzetimə qarşı bir liderin apardığı şantaj kampaniyası var. Barəmdə mənim övladım yaşında olan, ştajımın yaşından kiçik üzvlərinə, tərəfdarlarına komanda verib, üstümə yönəldirlər. Mən onların qələmlərindən, statuslarından oxuyub hiss edirəm ki bütün bunların hamısını edən onların liderləridir. Bu məni dəhşətli dərəcədə ona görə də narahat edir ki, bu insanların hakimiyyət iddiası var. Əgər bunlar hakimiyyətə gələrsə, əllərində imkan olarsa, məni ailəlikcə repressiya edərlər, qəzetimi, hər şeyimi əlimdən almağa çalışarlar. Bu baxımdan mən ölkəmin gələcəyindən olduqca narahatam. Bunu açıq formada bəyan edirəm. Bəziləri məni günahlandırırlar ki, niyə ad çəkmirəm, amma Anadolu türklərinin bir yaxşı sözü var: "sözü sonuna qədər, hərfinə qədər ancaq aptallara, qanmazlara deyərlər". Yəni hər şeyi açıq şəkildə deməyə gərək yoxdur. Mən müəyyən körpü saxlayıram. Ona görə də xəbərdarlıq edirəm ki, məni incidirsiniz və bu doğru deyil, burada dayanmaq lazımdır.

Bunlar axırda elə bir vəziyyət yaracaqlar ki, mən Azərbaycanda fəaliyyət göstərən Qərb ölkələrinin səfirliklərinə bu şəxs və partiyası haqqında şikayət edəcəyəm. Bütün faktları: statusları, yazıları, bütün təhqirlərin hamısını yığıram və şikayət etdiyim yerlərə göstərəcəyəm ki, bu adama heç kim "demokrat" deyə dəstək verməsin. Bu demokrat yox, şantajçıdır. Bizi - qəzetimizi, əməkdaşlarımızı çox incidir. Əməkdaşlarımızın şərəf və ləyaqətini, ruzisini, iş yerini təhqir edir, ləkə saldırır və sair. Bütün bunlar qəsdən həyata keçirilir və mən buna etiraz edirəm.


- Seçkiyə sayılı günlər qalıb, bu halda istər partiyaların ayrı-ayrılıqda seçkiyə getməsi, istərsə də digər vahid namizədin müəyyən olunması baxımından proseslərin sonunu necə görürsünüz?

- Təəssüf edirəm ki, son 8 ayda verdiyim bütün proqnozlar, ən pis proqnozlar özünü doğruldub. Mənim fikrimcə, ənənəvi müxalifətdən heç kim bu seçkidə iştirak etməyəcək. Sadəcə, buna imkan olmayacaq. İmza toplamağa zaman da qalmayıb. Hesab edirəm ki, Milli Şura da tezliklə buraxılmayacaq və buraxılmadıqca da bu siyasi tıxac qalacaq. Zaman çatmayacaq və nəticədə də kimsə çatdırıb öz namizədliyini irəli sürə bilməyəcək. Əsas rəqib hesab etdikləri hakimiyyət namizədinin yolunu açacaqlar, sonra da günahı bir qəzetdə görəcəklər... Müxalifət liderləri 2008-ci ildə olduğu kimi, bu dəfə də İlham Əliyevin qarşısına çıxmaq istəmirlər. Məsələ və problem budur.

AzNews.az