Paytaxt polisinin görünməmiş özbaşınalığı - FOTO

23 Avqust 2013 11:09 (UTC+04:00)
Son günlər yazılara gələn şərhlərdə və redaksiyamızın elektron poçtuna ünvanlanan məktublarda Post Patrul Xidməti (PPX) əməkdaşlarının şəhərdə yol polisi rolunda çıxış etməsilə bağlı məlumatlar verilir.

Bildirilir ki, PPX əməkdaşları avtomobilləri saxlayaraq, sürücülərdən sənədlərini tələb edir, hətta bəzən onları cərimələyirlər. Oxucularımız iddia edir ki, PPX bu fəaliyyətində yol polisi ilə əlbirdir. Yəni, yol polisi əyri niyyətlərini PPX əməkdaşları ilə həyata keçirirlər. Buna səbəb isə son dövrlər yol polisinin rüşvət alması ilə bağlı yayılan video görüntülər və onlara verilən səsyazma qurğuları səbəbindən sürücülərdən rüşvət almağa çəkinmələridir. İndi YPX əməkdaşları bu "işi" PPX-dəki həmkarlarına həvalə ediblər. Şikayət məktublarında bildirilir ki, PPX əməkdaşları qayda pozan avtomaşınları saxlayaraq, sürücülərdən açıq şəkildə pul tələb edir. Sürücü rüşvət verməkdən imtina etdikdə isə əraziyə yol polisi gəlir və sürücü "qanun çərçivəsində" tənbeh edilir.

Dünən gecə saat 1 radələrində AzNews.az-ın əməkdaşı da təsadüfən belə bir halın şahidi olub. Əməkdaşımız bildirir ki, Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobili ərazidə xidmət aparan 90 AD 172 nömrəli Post Patrul Xidmətinin əməkdaşları saxlayıb və sürücüdən sənəd tələb ediblər.
Sürücü isə PPX əməkdaşının ondan sənəd tələb etmək ixtiyarının olmadığını bildirib. O, isə "lazım gəlsə, yol polisi çağıracağam" - deyib.

Əməkdaşımız polislərdən avtomobili niyə saxladıqları ilə maraqlanıb. Polis isə "Mercedes" markalı maşının qayda pozduğunu bildirib və ərazidən uzaqlaşmasını tələb edib.

Əməkdaşımız isə PPX əməkdaşı ilə sürücü arasındakı etirazla başlayan, "hörmətlə" bitən bu prosesi lentə alıb. Elə bu səbəbdən də polis, başı sürücüdən ayılan kimi əməkdaşımıza qarşı zorakılıq edib.

PPX əməkdaşları əvvəlcə əməkdaşımızın çəkdiklərini pozmağı tələb edib, daha sonra isə onu zorla maşına maşınına oturdaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə aparıb.

Polislər əməkdaşımızı bölmədə döyəcəkləri, 15 gün həbsə atdıracaqları ilə hədələyib. Polis bölməsində də PPX əməkdaşlarının təzyiqlərinə məruz qalan əməkdaşlarımız təxminən bir saat sonra çəkdiyi videonu və şəkilləri sildikdən (Təqdim etdiyimiz şəkillər telefonun yaddaşında qalanlardır) sonra sərbəst buraxılıb.

Aidiyyəti qurumlar, polisin bu qanunsuzluqlarını, zorakılığını araşdırmaq istəsə, ərazidə quraşdırılan kameralara nəzər sala bilərlər.

Bizə isə hələlik, daha maraqlı gələn məsələ PPX əmədaşlarının hansı əsasla avtomobilləri saxlamasıdır. Belə bir təlimat varmı? Əgər varasa, onda YPX nəyə lazımdır?

Məsələ ilə bağlı AzNews.az-a danışan Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, PPX də yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirdiyi üçün maşınları saxlaya bilər: "Post Patrul Xidməti əməkdaşlarının avtomobil sürücüsü ilə bağlı hər hansı şübhəsi olarsa, maşını saxlayıb sənədlərini yoxlaya bilər. Yolda qayda pozuntusuna görə, PPX avtomobili saxlamır. Lakin polis gördüyü hadisəyə biganə də qala bilməz. Hər hansı pozuntuya görə, maşını saxlasa belə, tədbir görmək üçün hadisə yerinə yol polisi əməkdaşlarını dəvət etməlidir".

Bakı şəhər Yol Polis İdarəsinin şöbə müdiri Vaqif Əsədovun cavabı isə konkret olub. O, bir yarımçıq cümlədən sonra dəstəyi asıb: "Polisin işi elə maşın saxlamaqdı da..."

Qanun isə başqa şey deyir. Belə ki, Hüquqşünas Müzəffər Baxış qanunvericilikdə bu məsələnin şöbə rəislərinin dediklərindən fərqli olduğunu bildirib. O, AzNews.az-a deyib ki, daxili işlər nazirinin xüsusi göstərişi yoxdursa, PPX-nin avtomobil saxlaması qanun pozuntusudur: "Post Patrul Xidməti əməkdaşı maşını saxlayıbsa, bu, onun vəzifə səlahiyyətlərini aşması deməkdir. Çünki PPX-nin vəzifələri haqqında təlimatda onların sürücüləri saxlama vəzifələri göstərilməyib. Belə fakt ortaya çıxarsa, polis əməkdaşları ən azı intizam məsuliyyətinə cəlb olunmalıdır".

Azər
AzNews.az