“Yeni Müsavat” ilə “Yeni Azərbaycan”nın mövqeyində heç bir fərq görmürəm”

23 Avqust 2013 16:14 (UTC+04:00)
Rauf Arifoğlu: "Eldəniz Quliyev YAP funksioneri kimi, tənqid yazanı şərləyir..."

"Mən indi "Yeni Müsavat" qəzeti ilə "Yeni Azərbaycan" qəzetlərinin mövqeyində heç bir fərq görmürəm".

Bunu Publika.Az-a açıqlamasında Milli Şuranın Dini və Milli Azlıqlarla İş üzrə Komissiyasının sədri, ssenarist və kinodramaturq Eldəniz Quliyev "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun Milli Şuranın təcili buraxılması təklifinə münasibət bildirərkən söyləyib.

Rauf Arifoğlunun bu cür mövqedən çıxış etməsinə təəssüf etdiyini vurğulayan E.Quliyev deyib: "Axı necə oldu ki, bizim "Yeni Müsavat" qəzeti hakimiyyətin qəzeti oldu? İsa Qəmbərin isə bu qəzetə təsir qüvvəsi sıfıra bərabərdir. Hesab etmirəm ki, indi "Yeni Müsavat" qəzeti İsa Qəmbərin mövqeyini əks etdirsin. Əgər İsa Qəmbər də bu qəzetin mövqeyi ilə eyni mövqedən çıxış edirsə, o zaman mənim "Yeni Müsavat" haqqında dediyim fikirlər həm də İsa Qəmbər aiddir".


Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "mediaforum.az" portalına açıqlamasında Milli Şuranın böhrandan çıxış yolunu göstərib: "Mənim təklifim budur ki, Milli Şura özünü təcili buraxsın, yaratdığı siyasi tıxacı açsın. Milli Şura qaldıqca ənənəvi müxalifət düşərgəsindən kimsə namizədliyini verə bilməyəcək.

Demokratik düşərgənin kiçik bir şansı qalıb, bu, lotereya almaq kimi bir şeydir. Lakin Milli Şura qaldıqca bu kiçik şans da əldən çıxacaq.Milli Şura olmasaydı, Müsavat Partiyası indi öz namizədinin imzalarını da toplayıb bitirmişdi. Lakin indi heç müxalifətin əsas namizədi olan İsa Qəmbərin namizədlik ərizəsi təqdim olunmayıb. Azərbaycanın siyasət tarixində Milli Şura qədər zərərli bir layihə, birlik olmayıb. Bu zərərdən mümkün qədər təcili qurtarmaq lazımdır".
Rauf Arifoğlu da musavat.com-a bildirib ki, o da təəssüf edir: "Eldəniz Quliyev kimi dəyərli bir ziyalının yanlış layihələrə qoşulub, Azərbaycanın müxalifətini bu duruma gətirməsi, insanların aldadılması prosesində iştirak etməsi təəssüfedici faktdır. Milli Şuraya münasibətdə elə vəziyyət yaradıblar ki, indi ona hamının münasibəti eynidir. O, ətrafına, facebooka, qəzetlərə bir baxırmı? Onun öz silahdaşları üsyan püskürür. Onun özü də daxil olmaqla, bir qrup siyasətçi xalqı ələ saldı, aldatdı. Bunu məsuliyyəti yoxdurmu? Bunu yazmayaqmı? "

Rauf Arifoğlu deyib ki, Eldəniz Quliyev özünü YAP funksioneri kimi aparır: "YAP-çılar da onları tənqid edən kimi şantaja, şərə keçir, bu da. Bəs, səndən soruşmazlar ki, "Yeni Müsavat" qəzetində, musavat.com saytında hər gün açıqlaman, müsahibən gedir. Elə bir məsələ yoxdur ki, ona sənin fikrini almayaq. Bunu "Yeni Azərbaycan" qəzeti edir? "

R. Arifoğlu dedi ki, Milli Şuranı o yerə gətirib çıxarıblar ki, indi hamı buna etiraz edir. Bizim, Milli Şuradakı gənclərin, digər üzvlərin tənqidləri olmasaydı, bugünkü sessiya da olmayacaqdı. Bunlar hakimiyyət namizədinə qarşı layiqli bir iddiaçı ortaya çıxartmağa imkan vermək istəmirdilər. Lakin bundan sonra yeni vahid namizədin - Cəmil Həsənlinin timsalında bir şans yarandı: "Yeni Müsavat" heç nəyə baxmayaraq, Cəmil Həsənlinin timsalında bu şansa informasiya dəstəyi verəcək. Bunu "Yeni Azərbaycan" qəzeti də edəcəkmi, deyə soruram Eldəniz Quliyevdən".

AzNews.az