“Lotu Qoca”nın ölmünün yazılmayan təfərrüatları; Onun başına 100 min qoyulubmuş

24 Avqust 2013 08:37 (UTC+04:00)
Ötən həftə Türkiyədə qətlə yetirilən oğru dünyasının azərbaycanlı üzvlərindən "Lotu Qoca" ləqəbli Əlibala Həmidovun ölümünün ilginc təfərrüatlarını əldə etmişik.

AZNEWS.AZ daxil olan məlumatlarda bugünə qədər Azərbaycan mətbuatında yazılmayan bir sıra ilginc detallardan bəhs edilir.

Belə ki, məlumatda bildirilənə görə, "Lotu Qoca" öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. Qocanın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib.

Bu barədə saytımızı məlumatlarından qaynaqların sözlərinə görə, "Lotu Qoca" küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb.

Lakin Qocanın adamları onları təqib edərək sui-qəsdçilərdən birini yaxalamağı bacarıb. Məlumata görə, azərbaycanlı avtoritetin adamları killerlərin başının üstündən atəş açmaqla onlardan birini dayanmağa məcbur ediblər.

Ələ keçən killer "Qoca"nın adamlarına deyib ki, sifarişçi onlara öldürəcəkləri şəxsin biznesmen olduğunu, 3 milyon pul atdığını bildirib və onu öldürməyin müqabilində 100 min ABŞ dolları nəğd pul ödəyib.

Əldə etdiyimiz məlumatda o da bildirilir ki, "Qoca"nın ölümündən sonra hüzr mərasiminə yığışan Rusiya və digər ölkələrdən olan bir neçə avtoritet onun Məcnun adlı əmisinin evində "sxodka" keçiriblər.

Məlum olub ki, Rusiya kriminallarının "atası" Ded Xasan rəhmətə gedəndən sonra Qoca onun 15 obyektini ələ keçirib. Bu isə Ded Xasanın "varisi" sayılan bacısı oğlunun narazılığına səbəb olub. Ona görə də "sxodka"da avtoritetlər "Qoca"nın ölümünün sifarişçisinin kimliyi ilə bağlı 2 versiya üzərində dayanıblar.

Birinci versiyaya görə, "Lotu Qoca"nı Ded Xasanın bacısı oğlu öldürtdürüb. İkinci versiya barədə redaksiyamıza məlumat verilsə də, müəyyən səbəblərdən bunu açıqlaya bilmərik.

"Sxodka" zamanı, həmçinin, qərar qəbul olunub ki, mərhum "Qoca"nın "sağ əli" və qaynı avtoritet Binnət təcili Moskvaya Ded Xasanın varisi olan bacısı oğlu ilə məsələni araşdırmağa getsin.

Onu da qeyd edək ki, "Qoca"nın qardaşı avtoritet Tərlan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Hazırda Rusiyada olan Tərlan qardaşının qanını sifarişçilərdən amansızcasına alacağına and içib.

Elnur
AzNews.az