Elnarə Abdullayeva beynəlxalq musiqi festivalında - FOTO

24 Avqust 2013 10:40 (UTC+04:00)
Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü və UNESKO-nun dəstəyi ilə 1997-ci ildən Səmərqənddə keçirilən "Şərq Təranələri "Beynəlxalq Musiqi festivalı artıq bir ənənə halını alıb.

Bu festivala isə dünyanın marağı ildən ilə artır. UNESKO-nun milli mədəni irs siyahısına daxil olan tədbirin əsas məqsədi dünya mədəni və musiqi irsinin qorunmasıdır. Burada iki ildən bir keçirilən "Şərq təranələri" festivalında 50-dən çox ölkələrin musiqi kollektivləri, dünya şöhrətli musiqi xadimləri iştirak edirlər. Sevindirici haldır ki, festivalda hər il iştirak edən Azərbaycanlı musiqi və muğam ustaları, demək olar ki, uğur qazanırlar. Festivalın 1-ci ilində 1997-ci ildə Simarə İmnaova "Qran Pri" mükafatının sahibi olub. Daha sonra Azərbaycanın xalq artisti Alim Qasımov 2001-ci ildə 1-ci yeri qazanıb. 2003-cu ildə isə əməkdar artist Zabit Nəbizadə 2-ci yerin mükafatçısı olub. Aygun Bəylər də 2005-ci ildə adını 1-ci yer tutan ifaçı siyahısına yazıb.

Qalib ənənəsini 2009-ci ildə Qoçaq Əsgərov davam etdirib. Bu dəfə isə 25-30 avqustda Səmərqənddə keçirilən 9-cu "Şərq təranələri" festivalına görkəmli müğənni, xalqın sevimlisi Elnarə Abdullayeva "Şirvan qrupu " ilə gəlib. Nümayəndə heyətinin tərkibində millət vəkili Etibar Hüseynov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin rəisi Rəşad Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hacıyeva, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşova da daxildir.

Nərgiz
AzNews.az