“Heç vaxt restoranlarda hesab ödəmirəm“

24 Avqust 2013 18:09 (UTC+04:00)
Dünyanın bir çox yerində olan əməkdar artist Elza Seyidcahan əsl qurmandır.

Axşam.az-ın məlumatına görə, müğənni "Formaggio" dərgisinə müsahibəsində yemək sevgisindən bəhs edib: "Dünyanın bir çox ölkəsində olmuşam. Amma ən çox Ukrayna mətbəxini sevirəm: borş, xama, bulka – onlarda özünəməxsusdur. Olduğum ölkələrin heç birində ac qalmıram. Bilmirəm maraqdandır, ya nədən, getdiyim hər yerin mətbəxindən mütləq dadmalıyam. Əgər tamaşaçılarım hiss etsələr ki, kökəlmişəm, deməli, qastrollarda çox olmuşam. Ən çox dovğa və pomidor-yumurtanı xoşlayıram.

Bir dəfə Çində olanda qurdlardan yemək gətirdilər, halım xarab oldu. Uşaqlıq dövrümüzdə "Nağıl" tortu çox populyar idi. Amma indikilərdən o dadı ala bilmirəm.

Qətiyyən "fast-food" yemirəm. Portağal, ananas şirələrini xoşlasam da, pəhrizdə olduğum üçün ancaq qazsız su içirəm.

Çox da restoranlara getməyi xoşlamıram. Ancaq işimlə əlaqədar hansı restorana çağırırlarsa, ora da gedirəm. Heç vaxt restoranlarda hesab ödəmirəm. Sənətkarı xalq dolandırır. Yeyib-içdiyim restoranlarda isə sağ olsunlar, məndən pul almırlar".

AzNews.az