Cəlilabadda dəhşətli qəza: 1 ölü, 4 yaralı

26 Avqust 2013 08:36 (UTC+04:00)
Avqustun 25-i axşam saatlarında Cəlilabad rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə nəticəsində 20 yaşlı gənc ölüb, daha 4 nəfər isə yaralanıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 141-ci kilometrliyinin, Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəlilabadın Göytəpə qəsəbəsinə toy mərasiminə gələn Fizuli rayon sakini Fidayəddin Muradov idarə etdiyi "Mercedes 190" avtomlobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Astara istiqamətinə hərəkətdə olan Lənkəran rayonu, Sütəmurdov kənd sakini 1978-ci il təvəllüdlü Zeynalov Famil Əvəz oğlunun idarə etdiyi "Mercedes E Class" avtomobi ilə toqquşub.

Nəticədə Famil Zeynalovun idarə etdiyi avtomobildə olan sərnişin, Astara rayonunun Siyaku kənd sakini, 1993-cü il təvəllüdlü Abbaszadə Orxan Abbas oğlu hadisə yerindəcə dünyasını dəyişib. "Mersedes 190"-nın sürücüsü Fidayəddin Muradov və digər sərnişinlər - 1971-ci təvəllüdlü Məmmədova Gülyanaq Rəvan qızı, 1953-cü il təvəllüdlü Orucova Ziyafət Vəli qızı və Muradov Malik Fidayəddin oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Cəlilabad Rayon Xəstəxənasına yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilərək qohumlarının xahişi ilə öz evlərinə aparılıblar.

Hadisə şahidlərinin bildirdiyinə görə qəzaya "Mercedes E Class"-ın qəfildən qarşı yola çıxması səbəb olub. Hazırda faktla bağlı cinayət işi açılıb, BDYPİ-də araşdırmalar aparılır.

AzNews.az