Sülhəddin Əkbərin “Hammer”i əlindən alındı - Özəl

26 Avqust 2013 09:11 (UTC+04:00)
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərə "dostu tərəfindən hədiyyə olunan" "Hammer" markalı maşın geri alınıb. Bu barədə AzNews.az-a ACP-dəki mənbələrdən məlumat verilib. Məlumatda bildirilir ki, S.Əkbər avqustun 22-dən bəri, "Hammer"dən yox, "Mercedes ML" markalı maşından istifadə edir.

Partiyadakı mənbəmizin məlumatına görə, ACP sədrinin "Hammer"inin əlindən alınması Milli Şuranın avqustun 19-da keçirilən sessiyasından sonraya təsadüf edir. Bu barədə əldə etdiyimiz digər bir məlumatda isə S.Əkbərə "Hammer" verən şəxsin öz hədiyyəsini artıq geri aldığı təsdiqlənir. ACP sədrinə yaxın şəxslərin sözlərinə görə, Asif adlı həmin iş adamı maşını S.Əkbərə bağışlamadığını, sadəcə bir müddətlik istifadə üçün verdiyini deyərək, bahalı "Hammer"i geri alıb.

Qeyd edək ki, ACP sədrinə "Hammer"i kimin verdiyi barədə məlumatı AzNews.az yaymışdı. Bildirmişdik ki, Asif adlı iş adamı S.Əkbərin yaxın qohumlarından birinin dostudur. Adı çəkilən iş adamı plastik qapı-pəncərə istehsalı ilə məşğuldur və Bakıda tikilən hündürmərtəbəli binaların əksəriyyətini qapı-pəncərəylə o təmin edir.

Onu da xatırladaq ki, Milli Şuranın avqustun 19-da keçirilən sessiyasında ACP sədrinin dəstəklədiyi əsas namizəd konsepsiyası keçməmiş və S.Əkbər MŞ-də bir növ məğlubiyyətə uğramışdı. Bundan iki gün sonra isə ACP sədrinin də daxil olduğu MŞ-dəki narazı koalisiya təzyiqlərə məğlub olaraq, avqustun 23-nə qurumun növbədənkənar sessiyasının təyin olunmasına razılıq vermişdi. Həmin gün keçirilən iclasda isə Milli Şuranın ACP-dən olan üzvləri yeni vahid namizəd Cəmil Həsənliyə səs verməkdən imtina etmişdi.

Partiyanın sədri S.Əkbər öz çıxışında bunu açıq ifadə etmiş və C.Həsənlinin namizədliyini dəstəkləmədiklərini açıqlamışdı.

S.Əkbərə verilən "Hammer"in ondan geri alınmasıyla ACP sədrinin Milli Şuradakı bu uğursuzluğunun hansısa əlaqəsinin olub-olmadığını dəqiq bilməsək də, görünən odur ki, hörmətli siyasətçimiz artıq bahalı "oyuncaq"a sahib deyil.

Anar
AzNews.az