Abşeronda cinayətkar qrup yaxalandı

26 Avqust 2013 09:26 (UTC+04:00)
Abşeronda oğru dəstə yaxalanıb. Rayon Polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində dünən Samir Zakir oğlu Nəbiyev və Famil Fərhad oğlu Hümbətov yaxalanıb.

Buzovna sakinləri olan dəstə üzvlərinin Abşeron və Sabunçuda xırdabuynuzlu heyvan oğurlaması ilə bağlı istintaqa bir neçə fakt məlumdur. Dəstə üzvləri avqustun 22-də Mehdiabad qəsəbəsində yaşayan Kamil Fərman oğlu İbrahimova məxsus evin həyətindəki tövlədən 35 baş xırdabuynuzlu heyvan oğurlayıb. Bu faktın araşdırması nəticəsində yaxalanan dəstənin həyata keçirdiyi başqa faktlar da ortaya çıxıb. Belə ki, dəstə avqustun 4-də də oğurluğu reallaşdırıb və Mehdiabadda Cənnət Qabil oğlu Hüseynovun həyətindən 9 baş, Fəridə Vəli qızı Abbasovanın həyətindən 10 baş heyvanı oğurlayıblar.

Bundan başqa, dəstə Sabunçudan da oğurluq edib. Belə bir fakt rayonun Pirşağı qəsəbəsində ortaya çıxıb. Dəstə üzvləri öz ifadələrində qəsəbə sakinləri Cabbar Əliağa oğlu Hüseynova məxsus 10 baş, İdris Cəmil oğlu Hüseynova məxsus 7 baş xırdabuynuzlu heyvan oğurluğunu da etiraf edib.

Dəstə üzvləri ilə bağlı CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi açılıb. İstintaq-əməliyyat tədbirləri davam edir.

Ruhiyyə
AzNews.az