Zabrat sakinlərinin tələbi məlum oldu - YENİLƏNİB

26 Avqust 2013 13:11 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, bir qrup sakin bu gün Sabunçu rayonunun Zabrat qəsəbəsində gedən yolu bağlamışdı.

Sabunçu rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, sakinlər həmin yolda işıqfor və ya piyada keçidinin qoyulması tələbi ilə aksiya keçiriblər. Bununla belə, polis sakinlərin bu cəhdinin qarşısını alıb: "Yolu bağlamaq olmaz. Buna imkan verilməyib. Yol bağlı qalmayıb. Lakin əhalinin tələbi ilə əlaqədar müvafiq orqanlara məlumat verilib. Rayon İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi tələblə bağlı məlumatlandırılıb".

Onu da qeyd edək ki, sözügedən ərazi piyadalar üçün təhlükəli yer sayılır. Son bir ayda həmin ərazidə ölümlə nəticələnən bir neçə yol qəza hadisəsi baş verib. Bununla belə, yolun həmin hissəsinində təhlükəsizlik tədbirləri hələ ki, görülməyib.

***
12:48

Sabunçu rayonundan Zabrat qəsəbəsində gedən yol həmin ərazidə yaşayan bir qrup sakin tərəfindən bağlanıb. Bu barədə AzNews.az-a daxil olan məlumatda bildirilir ki, hazırda 50-dən çox sakin qeyd olunan ərazidə yolu bağlamaq istəyib.

Hadisə yerinə Sabunçu rayon 15-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Yolu bağlamaq istəyən əhalinin yoldan çıxarılması üçün 30-a yaxın polis əməkdaşı hadisə yerinə gedib.

Sakinlərin yolu bağlamalarının səbəblərini dəqiqləşdirə bilməsək də, 15-ci polis bölməsindən AzNews.az-a bildiriblər ki, həqiqətən də qeyd olunan ərazidə həqiqətən də yol bağlanıb və polis əməkdaşları hadisə yerinə göndərilib. Şöbədən bundan artıq məlumat verilməyib.

Sakinlərin yol bağlama aksiyasının səbəbləri barədə məlumatlar əldə etdikcə xəbərə əlavə edəcəyik.

Anar