"Biz kifayət qədər Cənubi Qafqazda faktor, güc olan bir dövlətik" - siyasi şərhçi

15 Yanvar 2025 13:00 (UTC+04:00)

“Açığı, Amerikanın siyasətində kardinal dəyişikliklər baş verəcəyinə inana bilmirəm. Tramp Bayden administrasiyasının nümayəndələrinə münasibətdə bəlkə də hardasa daha ədalətli, obyektiv addımlar atmaqda qərarlar verə bilər. Hərgah buna inam çox azdır. Çünki Amerika elə bir dövlətdir ki, orada şəxslərin kim olmasından asılı olmayaraq Amerikanın siyasətində kardinal dəyişikliklər etmək imkanları yoxdur. Tramp da əlahiddə bir şəxs deyil və gəlmiş-getmiş prezidentlərdən növbətisidir. Hazırda Azərbaycan elə bir mövqedə və mərhələdədir ki, Amerikanın və yaxud Qərb ölkələrinin azacıq ədalətli yanaşma sərgiləməsi mövcud problemlərin çözümü üçün çox böyük imkanlar yarada bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi qeyd edib ki, biz kifayət qədər Cənubi Qafqazda faktor, güc olan bir dövlətik.

“Azərbaycanın gücü bu problemləri çözmək üçün kifayət qədər yetərlidir. Hesab edirəm ki, istər Zəngəzur dəhlizinin açılması, istər sülh sazişinin imzalanması və digər məsələlərlə bağlı problemlərin çözümündə Rusiya və digər hansısa böyük dövlət və ya təşkilatın mövqelərini dinləməli, yəni diqqətə almalıyıq. Lakin öz gücümüzə, bildiyimiz və uyğun olan formada bu problemin həlli, çözülməsi üçün cəhd göstərməliyik. Trampa və yaxud başqa nümayəndələrə arxayın olsaq, arada olan problemlər çözüləcək düşüncəsi bizim üçün o qədər də faydalı nəticələr doğura bilməz. Gücümüzü və müttəfiqlərimizin sayını daha da artırmağa çalışaraq, qarşı tərəfi fakt qarşısında qoymaqla bu problemin həllinə nail ola bilərik”.

Rəfiqə NAMAZƏLİYEVA