"Rusiya özünün" böyük dövlət" mövqeyini qorumağa çalışır " - Elçin Mirzəbəyli

27 Yanvar 2025 23:35 (UTC+04:00)

“AZAL-a məxsus mülki təyyarənin Rusiya səmasında Rusiyaya məxsus hərbi hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması, eləcə də digər cinayət xarakterli addımların mahiyyəti barədə Rusiya tərəfi onsuz da məlumatlı idi. Nəticə etibarilə nə qara qutunun açılmasına, nə də bununla bağlı xüsusi mülahizələrin irəli sürülməsinə ehtiyac var. Azərbaycan məhz bu amilə əsaslanaraq təyyarənin vurulması faktını önə çəkirdi və araşdırmaların nəticələri sübut edir ki, ölkəmizin yaranmış vəziyyətlə bağlı mövqeyi tamamilə dəqiq və hesablanmış olub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkili qeyd edib ki, Rusiya indiki şəraitdə atdığı addımlarla özünün ənənəvi “böyük dövlət” mövqeyini qorumağa çalışır.

“Prinsip etibarilə, hazırda Rusiya siyasətində mövcud olan yanaşma ondan ibarətdir ki, o, dünya güclərindən biridir və bu kimi məsələlərdə digər ölkələr Rusiyanın kaprizlərinə dözməlidirlər. Halbuki, uzun illər beynəlxalq hüquq norma və prinsiplərinin tətbiq olunmamasından şikayətlənən, dünyada ədalətin arxa plana keçdiyini vurğulayan və müxtəlif dövlətləri, region güclərini, qlobal güc mərkəzlərini müxtəlif problemlərin mövcudluğunda ittiham edən Rusiyanın bu davranışı, əslində, Moskvanın digər siyasi mərkəzlərdən fərqlənmədiyini sübut edən amildir. İndiki şəraitdə yeganə çıxış yolu istintaqın gedişi barədə dəqiq açıqlamaların verilməsi, günahkar şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılması və layiq olduqları cəzanı almalarıdır. Digər mühüm aspekt isə təzminatın ödənilməsidir. Beynəlxalq hüququn subyekti olan və bütövlükdə hüququn, qanunun aliliyinə hörmət edən ölkələr belə addımlar atır, bu isə heç bir dövlət üçün aşağılayıcı faktor kimi qəbul edilə bilməz”.

“Ehtimal olaraq deyirəm ki, Rusiya tərəfinin məsələdən yayınmağa cəhd göstərməsinin mümkün səbəblərindən biri də ondan ibarət ola bilər ki, mülki təyyarənin vurulması və ona qarşı atılan digər addımlar, əslində, Rusiyanın hava hücumundan müdafiə sisteminin vəziyyətinin və mülki təyyarələri hərbi təyyinatlı təyyarələrdən ayırmaq potensialının yetərli olmadığını ortaya qoyur. Ola bilsin ki, Rusiya tərəfi də Azərbaycanın mülki təyyarəsində hansısa bir “günah” axtarmağa cəhd edir ki, baş verən hadisənin onun günahı ucbatından yaşanmadığını və hava hücumundan müdafiə qüvvələrinin məsuliyyət daşımadığını sübut etməyə çalışsın. Bu kontekstdə nəzərəçarpan məqamlardan biri də Rusiya XİN rəhbəri Sergey Lavrovun qara qutularla bağlı ikibaşlı açıqlamaları və Rusiya mediasında, xüsusilə hökumətə yaxın resurslarda Azərbaycan əleyhinə aparılan təbliğatdır. Baxmayaraq ki, bu təbliğat heç kimi inandıra bilməz, nəticə etibarilə etimadlı münasibətlərin korlanmasına zəmin yaradan amil kimi qiymətləndirilə bilər”.

Rəfiqə NAMAZƏLİYEVA