Dünya çempionatında ilk medal

27 Avqust 2013 08:40 (UTC+04:00)
Azərbaycan cüdoçusu Orxan Səfərov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Lent.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Səfərov ümumilikdə 6 görüşə çıxıb.

O, ardıcıl olaraq, Beslan Mudranov (Rusiya), Niçolas Kossor (ABŞ) və Artyom Arşanski (İsrail) üzərində qələbə qazanaraq, ¼ finala yüksəlib. Yarımfinala gedən yolda cüdoçumuzun qarşısını Kim Von Jin (Cənubi Koreya) kəsib. Nəticədə təsəlli görüşlərinə çıxan Səfərov Yeldoş Smetov (Qazaxıstan) və Amiran Papinaşvilini (Gürcüstan) yenərək, bürünc medala yiyələnib.

60 kq çəkidəki digər təmsilçimiz İlqar Müşkiyev isə ardıcıl olaraq, Hovanenes Davtyan (Ermənistan) və Hernan Birbrieri (Argentina) yensə də, 1/8 finalda Asxat Telmanova (Qazaxıstan) uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatının növbəti günlərində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və yeganə qadın cüdoçumuz Kifayət Qasımova (57 kq) tatami üzərinə çıxacaqlar. Çempionata sentyabrın 1-də yekun vurulacaq.

AzNews.az