Ərdoğan diktator deyilsə, bəs nədir?

27 Avqust 2013 08:57 (UTC+04:00)
Türk köşə yazarlarından biri bu günlərdə müzakirə açmışdı: "Ərdoğan diktator deyilsə, bəs nədir?"

Doğrudan da baş naziri diktator sayılacaq dərəcədə davranış sərgiləmir, amma ona veriləcək addan ötrü çox düşünməyə də əsas yoxdur.

Avtoritar!

Bir qulağı kar, bir gözü kor adama başqa nə ad verəsən!?
Baş nazirin davranışı ancaq bu sayaq ad doğurur. Çünki o yalnız şəninə deyilən tərifi eşidir. Tənqidi qeyd eşidəcək qulaq kardır. Gözü də yalnız bir tərəfi görür – dəstəkçilərini.
"Əsəd rejimi".

İndi Azərbaycan mediasında da bu ifadə işlənir. Əsədi diktator hesab edənlər yanılırlar. Ərdoğan kimi o da avtoritardır. Amma ona müxalif olan kəsimi Gəzi olaylarının etirazçıları ilə eyni tərəzi gözünə qoymaq olarmı?

Birmənalı olaraq – yox.

Əgər kimsə bunun əksini iddia edirsə, – yalançı və riyakardır.
Qətər, Səudiyyə Ərəbistanı şeyxlərinin pulu, Ərdoğanın rüsxəti ilə Suriyada döyüşən şəxslər muzdlu qatillərdir. "Suriya müxalifəti" deyilən bir şey yoxdur, bir ovuc quruntudur, vəssalam.

Bu günlərdə bir əcaib ifadəyə də rast gəldim – "Suriyadakı mücahidlər".
Məsəl var, deyir, gözlə görən Allah qədər bilir. O "mücahidlər"in bir qismini, Liviyada Qəzzafiyə qarşı vuruşanları gördük. Əvvəlcə insanı ölümünə döyüb sonra zorlayan, axırda da dara çəkən nə zamandan mücahid olub!? Bu sözü işlədən özü özündən utansın! Zorlama nə vaxtdan cihad, mücahidlikdir?.. Zorlananın özü diktator olsa belə...
Antalyada istirahəti təşkil edilmiş o "mücahidlər"in oteldə saldığı dava yadınızdadır? Bütün türk kanalları göstərdi... Üzdəki ifadələrə, jestlərə baxaydınız, – bir yığın tərbiyəsiz uşaq!!!

İnternetdə, xüsusən YouTube-də poz verən azərbaycanlı "mücahidləri" də demək olar ki, həftəbaşı görürük: saqqal ətəkdən, əllər qan içində. "Allahu Əkbər" kəlməsi dilindən düşmür, amma əməlinə bax – özünü müsəlman sayıb müsəlman öldürür.

Mən olmayıb, başqası, tutalım, avamdan biri olsun. Deməz ki, belə tayı-bərabəri olmayan pəhləvansansa, get Qarabağa, döyüş, kafir qanı axıt!.. Deməz ki, igidsənsə, öz yurdunda tanın, yad ölkədə nə itin azıb... Deməz ki, qardaşım, müsəlmanın müsəlmanı qətlə yetirməsi nə zamandan mücadilədir!? Harda yazılıb bu? Quranın hansı surəsinin hansı ayəsiylə özünə bəraət qazandıra bilərsən? Sənə hansı məzhəb şeyxi deyib ki, qurşağına bomba bağlayıb şiə məscidini göyə sovurmaqla cənnətə düşəcəksən? Hansı təriqət pirindən öyüd almısan ki, əhli-sünnə camesindən bəs oturmaqdan usanıb çölə çıxanı dəyənəklə döyə-döyə öldürüb huri-qılman dərəcəsinə yetişəcəksən?
Bunu sənə deyən, öyrədən, təlqin edən məlun – kafirdir, yəni Allahın da, bəndəsinin də düşmənidir!

Yenə Ərdoğana qayıdıram. Təzadlı şəxsiyyətdir, Misirdəki müxalifətçi "İhvan" hərəkatını dəstəkləyir, Suriyadakı iqtidarı pisləyir. Bunu deyərkən necə xatırlamayasan: sərhəddə Ərdoğan-Əsəd görüşü, Suriya prezidentinə "qardaşım" müraciəti, foto və telekameralar müştərək pozlar...

Yaddaşın qısırdısa, bundan bizə nə, cənab baş nazir. Səni diktator saymaqçün bircə bığlarını qısaltmaq kifayət edir, kəkilini də aşağı daramaq... Amma...

AzNews.az