Moldova ombudsmanı Aureliya Qriqoriuya orden verildi

28 Avqust 2013 13:00 (UTC+04:00)
Bu il Kiyevdə Moldova ombudsmanı Aureliya Qriqoriuya insan hüquqlarının müdafiəsi işində göstərdiyi mərdliyə görə Müqəddəs Vladimir ordeni təqdim edilməsi mərasimi keçirilib.

Orden Rusiyada xristianlığın qəbul edilməsinin 1025 illiyi şərəfinə və 2013-cü ilin oktyabr ayında Moldovanın parlament vəkilinin (ombudsmanın) mandatının başa çatması ilə əlaqədar təqdim edilib. Bu barədə AzərTAc-a Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan (Bişkek) məlumat verilib.

Aureliya Qriqoriu bundan əvvəl yüksək pravoslav mükafatına – Müqəddəs Apostol Andrey Pervozvannı ordeninə layiq görülmüş yeganə Moldova vətəndaşı və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun ali mükafatına – "Heydər Əliyev" qızıl medalına layiq görülmüş yeganə qadındır.

Qeyd etmək lazımdır ki, "Heydər Əliyev" qızıl medalının təqdim edilməsi mərasimi yaxın vaxtlarda keçiriləcək.

Xatırladaq ki, moldovalı ombudsman Aurelia Qriqoriu Ermənistan parlamentində Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu və Xocalı soyqırımının həyata keçirilməsini öz elmi hesabatında demişdi. Ermənistan tərəfi isə bu çıxışın sifarişli olduğunu bildirmişdi. Xanım Qriqoriu bundan sonra Ermənistanı çox çətinliklə tərk edə bilmişdi.


AzNews.az