Cəmil Həsənlinin işi MSK-da dolaşığa düşdü – Açıqlama
29 Avqust 2013 08:42 (UTC+04:00)
MSK imza vərəqələrini bu gün verməyəcək
Mərkəzi Seçki Komissiyası bu gün saat 16:00-da Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizədliyinin təsdiq olunub-olunmayacağı ilə bağlı məsələyə baxacaq.
Bu barədə AzNews.az-a MSK-ın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. MSK rəsmisi bildirib ki, C.Həsənli sənədlərini quruma avqustun 24-də təhvil verib. Avqustun 29-də, yəni bu gün isə onun sənədlərinə baxılması üçün sonuncu gün olduğuna görə, MSK MŞ-in namizədinin məsələsinə baxacaq. A.Sarıyev deyib ki, əgər C.Həsənlinin namizədliyi MSK tərəfindən təsdiqlənsə belə, ona bu gün imza vərəqələri verilməyəcək: "Əgər onun namizədliyi təsdiqlənsə, imza vərəqələri sabah, yəni qərar dərc olunub qüvvəyə mindikdən sonra veriləcək".
Qeyd edək ki, MŞ rəsmiləri C.Həsənlinin imza vərəqələrinin avqustun 28-də veriləcəyini bildirirdilər. Görünən isə odur ki, müxalifətin vahid namizədi imza vərəqələrini avqustun 30-dan tez götürə bilməyəcək.
Anar
AzNews.az