ATƏT müşahidə missiyasının tərkibini açıqladı

29 Avqust 2013 09:07 (UTC+04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda prezident seçkilərinin monitorinq proqramını və müşahidə missiyasının tərkibini açıqlayıb.

APA-nın təşkilatın rəsmi saytına istinadən verdiyi məlumata görə, uzunmüddətli müşahidə missiyasının nümayəndələri sentyabrın 11-dən yerlərdə seçkiqabağı durumu öyrənmək məqsədilə bölgələrə gedəcəklər.

ATƏT DTİHB-in qısamüddətli müşahidə missiyası isə Azərbaycana oktyabrın 5-də gələcək. Bu missiyanın üzvləri oktyabrın 7-də regionlara gedəcəklər.

Seçkilərdən bir gün sonra, oktyabrın 10-da ATƏT DTİHB-in missiyası mətbuat konfransı keçirərək ilkin müşahidələrin nəticələrini açıqlayacaqlar. Qısamüddətli missiya Azərbaycanı oktyabrın 11-də, uzunmüddətli missiya isə oktyabrın 15-də tərk edəcək.

Bu missiyalar seçkiləri Azərbaycan hökumətinin dəvəti əsasında müşahidə edir.

Tana de Zuluetanın rəhbərlik etdiyi, 13 beynəlxalq ekspertdən ibarət uzunmüddətli missiyanın mənzil-qərargahı Bakıda yerləşəcək, 30 müşahidəçi isə regionlara göndəriləcək.

ATƏT DTİHB-in qısa müddətli missiyasının tərkibinə 280 müşahidəçi daxil olacaq.

Xatırladaq ki, ATƏT DTİHB 1995-ci ildən etibarən Azərbaycanda 8 seçkini, o cümlədən 2008-ci ildə keçirilən prezident seçkilərini müşahidə edib.

AzNews.az