Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 65,15 % çox - 50,7 milyon manat vəsait köçürüb.
AzNews.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, rüblük ödənişin 40,3 milyon manatı özəlləşdirmə, 10,4 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 87,9 % və 13 % çoxdur.
Hesabat dövründə Dövlət Xidməti 11 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.
Ötən 3 ayda 984 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələrinə aid olub.