İsrail-İran Qarşıdurması İraq Cəbhəsində: Regional Müharibə Təhlükəsi"

30 Aprel 2025 19:35 (UTC+04:00)

“İsrailin uzun illərdir İrana qarşı apardığı qeyri-rəsmi mübarizə təkcə diplomatik və iqtisadi sahələrlə məhdudlaşmır. Bu prosesin əsas istiqamətlərindən biri də İranın regiondakı proksi qüvvələrinin sistemli şəkildə zəiflədilməsidir. Bu kontekstdə Həmas, Hizbullah, Husilər və İraqdakı şiə milis qrupları ardıcıl olaraq İsrailin hədəfinə çevrilib. Suriya ərazisində İrana bağlı hərbi mövqelərin mütəmadi olaraq İsrail aviasiyası tərəfindən vurulması, son dövrlərdə isə İraqdakı şiə milis qruplaşmalarının hədəfə alınması bu strategiyanın davamlı xarakter daşıdığını göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı artan təzyiqləri fonunda İraqda Tehrana bağlı şiə milisləri regional qarşıdurmaların əsas mərkəzlərindən birinə çevrilib. Son vaxtlar həmin qruplar İsrailə qarşı hücumlarını intensivləşdiriblər. Bildirilir ki, bu qruplara qarşı Təl-Əvivin cavab zərbələri bölgədə genişmiqyaslı müharibəyə səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, İsrail Suriyada olduğu kimi, İraqda da qarşıdurmaları Türkiyə sərhədinə qədər daşımaqla regionda daha geniş xaosa yol aça bilər. Xüsusilə Kürdüstan bölgəsində gərginlik riski ön plana çıxır.

Siyasi şərhçi qeyd edib ki, İsrailin narahatlığı başa düşüləndir.

“Rəsmi Tel-Əviv ehtimal edir ki, İrana qarşı hər hansı bir hərbi müdaxilə halında Tehran öz nəzarətində olan proksi qüvvələri aktivləşdirərək İsrailə çoxcəhətli zərbələr endirə bilər. Son aylarda baş verən hadisələr də bu ehtimalın real olduğunu sübut etdi. Qəzza zolağında Həmasla baş verən qarşıdurma, İran və İsrail arasında raket mübadiləsi, eləcə də Hizbullah və Husilərin İsrail ərazisini hədəfə alan hücumları bu mövqeni təsdiqləyir. Lakin burada diqqət çəkən əsas məqam İsrailin bu proksi qüvvələri təkcə zərərsizləşdirmək istəməməsidir. Artıq aydın görünür ki, İsrail bu təşkilatların fəaliyyət göstərdiyi ərazilərdə də siyasi və hərbi möhkəmlənməyə çalışır. Məsələn, əvvəllər girovların azad edilməsi fonunda Qəzzadan çıxmağa razılıq verən İsrail indi bu məsələdə daha sərt mövqe tutur. Həmasın bütün girovların azad edilməsi müqabilində 5 illik atəşkəs sazişi təklifi də Tel-Əviv tərəfindən rədd edildi. Oxşar yanaşmanı Livan istiqamətində də müşahidə edirik: Hizbullahın mərkəzi hakimiyyətə tabe olması qarşılığında İsrailin Livan ərazisindəki hərbi əməliyyatları dayandırması təklifinə cavab verilmədi”.

Siyasi şərhçi daha sonra əlavə edib ki, indi növbə İraqdakı şiə milis qruplaşmalarına çatıb:

“Bu qruplar İraq hökumətinə deyil, daha çox İrana bağlı strukturlar kimi fəaliyyət göstərirlər. ABŞ və İsrail uzun müddət bu qrupların tərksilah edilməsi üçün Bağdada təzyiqlər göstərmişdi. Maraqlıdır ki, son vaxtlar bu silahlı birləşmələr özləri də İraqda xarici müdaxiləyə bəhanə yaratmamaq üçün silahı yerə qoymağa hazır olduqlarını bəyan ediblər. Lakin görünür, bu addım da İsraili qane etmir. Bu isə onu deməyə əsas verir ki, məqsəd artıq təkcə İran təsir dairəsinin daraldılması deyil, həm də regionun əsas geosiyasi mövqelərinin nəzarətə götürülməsidir. Bu strategiya isə regionda qarşıdurmaların dərinləşməsinə səbəb ola bilər. Xüsusilə də Türkiyə bu məsələdə öz mövqeyini açıq şəkildə ortaya qoyub. Rəsmi Ankara dəfələrlə İsrailin regional siyasəti ilə bağlı sərt bəyanatlar səsləndirib və bu cür fəaliyyətin nəticələrinə dözməyəcəyini bildirib. Əgər İsrail Suriya ilə yanaşı İraqın müəyyən ərazilərində də möhkəmlənməyə çalışarsa, bu, nəinki Türkiyənin, həm də bir sıra ərəb ölkələrinin ciddi etirazı ilə qarşılanacaq”.

Siyasi şərhçi sonda vurğulayıb ki, nəticə etibarilə, İsrailin regionda bu qədər güclü mübarizə aparması üçün ABŞ-ın dəstəyinə ehtiyacı var:

“Lakin hazırkı beynəlxalq şərtlər fonunda Vaşinqtonun həm ərəb ölkələri, həm də NATO müttəfiqi olan Türkiyə ilə açıq qarşıdurmaya getməsi inandırıcı görünmür. Xüsusilə də keçmiş prezident Donald Tramp dövründə ABŞ-ın İsrailə, konkret olaraq Netanyahuya, Türkiyə ilə münasibətlərə diqqətli yanaşmaq barədə xəbərdarlıq etdiyi də unudulmamalıdır. Bu mənzərə onu göstərir ki, bölgədəki mübarizə yalnız İranla İsrail arasında deyil, daha geniş regional və qlobal maraqların toqquşması kontekstində inkişaf edir. İsrailin gələcək addımları, ABŞ-ın bu prosesə münasibəti və regional güclərin reaksiyası qarşıdakı dövrün əsas geosiyasi gündəmini formalaşdıracaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az