“Bütün mümkün ssenarilərə hazırıq“

1 Sentyabr 2013 14:35 (UTC+04:00)
Fələstinlilər isə dünya ictimaiyyətini Suriyaya hərbi müdaxiləyə yol verməməyə çağırırlar

Amerika Birləşmiş Ştatlarının Suriyaya hərbi müdaxilə ehtimalına Yaxın Şərqdən reaksiya gəldi. ABŞ-ın hücum edəcəyi təqdirdə, Suriyanın da cavab olaraq İsrailə zərbə endirəcəyindən narahat olan İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin "bütün ssenarilərə hazır olduğunu" bəyan edib.

"İsrail vətəndaşları çox yaxşı bilirlər ki, biz istənilən mümkün ssenariyə hazırıq. İsrail vətəndaşları həmçinin onu da bilməlidirlər ki, düşmənlərimiz bizim gücümüzü və qüdrətimizi sınaqdan çıxarmamalı olduqlarını bilirlər. Onlar bunun səbəblərini bilirlər." - deyə, Netanyahu qeyd edib.

Fələstinlilər isə Suriyada hərbi müdaxilənin gerçəkləşməməsi üçün dünya ictimaiyyətinin hərəkətə keçməsini istəyirlər. Fələstinin İsraillə sülh danışıqlarındakı təmsilçisi Saeb Ərəkat beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırıb:

"Bizim ehtiyacımız olan şey müharibənin olmamasıdır. Biz Suriyanın üzərinə bombaların yağmasını, raketlərin atılmasını istəmirik, Suriyada münaqişənin hərbi yolla həllini istəmirik. Amerikalılardan, rusiyalılardan və avropalılardan, bütün beynəlxalq ictimaiyyətdən istədiyimiz odur ki, 2-ci Cenevrə konfransı keçirilsin və təcili olaraq humanitar atəşkəs elan edilsin. İnsan həyatını yalnız bu yolla xilas etmək olar. Suriyanın gələcəyini ancaq bu cür qorumaq olar."

AzNews.az