Ötən həftə 145 yanğına çıxış olub, 4 nəfərin meyiti aşkarlanıb

5 May 2025 09:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 145 yanğına çıxış, 24 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 2 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 18-i azyaşlı olmaqla 39 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər xəsarət alıb, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.