Artıq bir neçə gündür sosial şəbəkələrdə Xankəndidə yaşamış ermənilərin evində çəkilən görüntülər viral olub.
AzNews.az Ölkə.Az-a istinadən xəbər verir ki, üzərində Azərbaycan adarı yazılan fincan videonu çəkən şəxsin diqqətini cəlb edib.
Belə ki, fincanın üzərində “Əlidən qızı Fəridəyə hədiyyə" sözləri və "1.07.85” tarixi yazılıb.
Sözügedən video sosial şəbəkələrdə bir milyondan çox baxış toplayıb.
Ölkə.Az videonu çəkən “Qobustan” futbol klubunun prezidenti Taleh Gülməmmədovla həmsöhbət olub. O deyir ki, fincanı tapanda onun Xankəndidə yaşamış azərbaycanlıya aid olduğunu düşünüb:
“Xankəndi şəhərinə işlə bağlı ezamiyyətə getmişdim. Orada səfərdə olmaq mənim üçün də maraqlı səfər oldu. Gəzinti zamanı evlərin birində bu fincana rast gəldim. Həqiqətən bunu tapdığım zaman özüm də çox kövrəldim. O andakı hisslərimi sözlə ifadə edə bilmərəm. Çox sevindim. Paylaşanda ümid edirdim ki, sahibi tapılacaq. Paylaşım etdikdən sonra fincanın sahibi mənim şəxsi səhifəmə yazdı və dedi ki, fincan mənə aiddir. Mən də ondan sübut üçün sənəd istədim. Məlum oldu ki, bu əşya həqiqətən də həmin insanlara məxsusdur. Xankəndidən qayıtdıqdan sonra əşyanı sahibinə verdim. Çox sevindim ki, əşya öz sahibinə qayıtdı”.
Axtarışlarımız nəticəsində əşyanın sahibini tapıb onunla da danışmaq fürsətimiz oldu. Fincanın üzərində adı yazılan Fəridə Əliyeva hazırda Mingəçevirdə Kəlbəcər rayon Ş.Şükürov adına 35 nömrəli tam orta məktəbdə katibə işləyir. O, Ölkə.Az-a açıqlamasında deyib ki, həmin fincanı 11 yaşı olanda təcili tibbi yardım həkimi işləyən atası Əli Əliyev ad günü hədiyyəsi kimi alıb.
Fəridə Əliyeva 1993-cü ildə ailəsi ilə birgə Kəlbəcərdən çıxmaq məcburiyyətində qalsa da, fincan 32 il sonra onun özünə qayıdıb. O, fincanın Xankəndiyə necə gedib çıxmasından da söz açıb:
“Biz Kəlbəcərin Zülfüqarlı kəndindənik. Atam həkim işləyirdi. Buradakı camaat İstisu deyilən yerə istirahətə gedirdi. Atam onlara qulluq etmək üçün 3 aylığına xəstəxanadan ora göndərilmişdi. O, Kəlbəcərdə olanda mən hələ balaca idim. Evdə neçə uşaq var idisə, hamımız üçün belə bir fincan almışdı, üstündə də ad yazdırmışdı. Onun övladları içərisində mən daha istəkli idim. Mən avqustda doğulmuşam. Ad günümə yaxın idi, fincanın üzərinə o sözləri yazdırmışdı. Həmin fincanın dəmir olan forması da vardı. Mənim üçün həm saxsı, həm də dəmir fincanın üzərinə yazı yazdırmışdı. Təsadüfdən o vaxtı ermənilərin Kəlbəcərdən daşıyıb apardıqları əşyaların içərisində bu fincan da olub. Azərbaycanlı oğlan da Xankəndiyə gedəndə əşyaların içərisindən bu fincanı tapıb və maraqlı gəldiyi üçün paylaşıb. O video paylaşılan gün telefonlarım susmadı. Bütün qohumlar, qonşular zəng etdilər ki, sənin adın olan fincan tapılıb. Bizim hər şeyimiz Kəlbəcərdə qalıb. O boyda varımızdan, halımızdan mənə qismət olan bircə o fincan oldu.
Fincan videosunu görəndə sanki səsim batdı, danışmağa söz tapmadım. Həm sevindim, həm ağladım. Atamın indi həyatda olmaması mənə pis təsir etdi. Onu 2011-ci ildə itirmişik. Həm də illərlə zəhmət çəkdikdən sonra evimizdən, ailəmizdən yadigar bir fincanın qalmağı pis təsir etdi. Amma ona görə sevindim ki, balaca bir fincan da olsa bu yaşımda mənə böyük bir dünya oldu. İndi yaşadığım evdə ən əziz, qoruduğum əşyadır. Bəlkə də o kənddə hələ də yaşasaydım, həmin fincanın qayğısına belə qalmazdım. İnşallah, Kəlbəcərə qayıdanda o əşyanı da özümlə aparacağam",- deyə o əlavə edib.
99