Azərbaycanda orduya 45 milyon manat vəsait yığılıb

2 Sentyabr 2013 08:04 (UTC+04:00)
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, 2013-ci il sentyabır ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 45 milyon 264 min 531 AZN, dollar hesabına 211 min 791 dollar, avro hesabına 593 avro pul daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

AzNews.az