“Hazırda Çin və Rusiya arasında münasibətlər yüksək inkişaf səviyyəsindədir. Xüsusilə son illərdə beynəlxalq münasibətlərdə baş verən dəyişikliklər fonunda bu iki ölkə arasında yaxınlaşma daha da güclənib. ABŞ-nin , xüsusilə də Donald Trampın hakimiyyəti dövründən başlayaraq Çinə qarşı aqressiv siyasət yürütməsi Pekini alternativ tərəfdaş axtarışına vadar edib. Bu kontekstdə Rusiya ilə münasibətlərin dərinləşdirilməsi Çin üçün strateji seçimə çevrilib. Rusiya-Çin yaxınlaşmasının simvolik nümunəsi Çin liderinin 9 May Qələbə paradında iştirakıdır. Bu addım Pekinin Moskva ilə daha sıx əməkdaşlığa üstünlük verdiyini açıq şəkildə nümayiş etdirir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiyaya rəsmi səfərə başlayıb. O, İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək mərasimlərdə iştirak edəcək. Lakin səfər təkcə simvolik tədbirlərlə məhdudlaşmır. Siyasi müşahidəçilərə görə, Moskva bu səfər çərçivəsində qlobal güclər arasında yeni münasibət mərhələsini formalaşdırmağa çalışır.
Siyasi şərhçi qeyd edib ki, Çin tərəfinin əsas məqsədi bölgədə Çin, İran və Rusiya arasında yeni bir geosiyasi blokun formalaşdırılmasıdır və bu istiqamətdə ciddi səylər göstərilir.
“Hazırda aparılan danışıqlar və əldə olunan razılaşmalar da məhz bu əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Çin Xalq Respublikasının sədri Si Cinpinin Moskvaya səfəri təkcə Qələbə paradında iştirakla məhdudlaşmayacaq. Səfər çərçivəsində Rusiya-Çin münasibətlərinin inkişafı, strateji əməkdaşlığın yeni mərhələyə keçidi və mümkün razılaşmaların imzalanması da gündəmdə olacaq. Gözlənilir ki, yaxın gələcəkdə iki ölkə arasında ittifaq xarakterli razılaşmalar imzalanacaq və bu, Rusiya-Çin münasibətlərini daha da gücləndirəcək. Pekin bu əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə həm siyasi, həm də iqtisadi səviyyədə fəal addımlar atır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az