“Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulsa da, xalqlarımız arasında əlaqələrin tarixi böyükdür. Hələ 1959-cu ildə, yəni sovetlər dönəmində Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər edib. Eləcə də, Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən 1983-cü ildə Vyetnamda səfərdə olub. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibəsində əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında fikirlərini ifadə edib. Dövlət başçısının dediyi kimi, ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir. Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnamın Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib. Eləcə də, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.
Millət vəkilinin sözlərinə görə, hələ sovet dövründə Azərbaycanda minlərlə vyetnamlı gənc ali təhsil alıb. Onlar öz ölkələrinin inkişafına bu gün də töhfələr verirlər. Cənab Prezident İlham Əliyev 2014-cü ildə Hanoya səfəri zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüşüb. 2015-ci ildə isə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Fatma Yıldırım qeyd edib ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri qarşılıqlı əlaqələri daha da gücləndirəcək. Səfər zamanı bir sıra sənədlər imzalanıb ki, bütün bunlar əlaqələrin gələcək perspektivlərindən xəbər verir. Xüsusilə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir.
Fatma Yıldırım qeyd edib ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verir. Fond tərəfindən ayrı-ayrı ölkələrdə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırılır ki, bu da respublikamızın müsbət imicinin daha da möhkəmlənməsində mühüm rol oynayır. Fond Vyetnamda da önəmli layihələr reallaşdırır. Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
“Bütövlükdə, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri qarşılıqlı əlaqələri daha da gücləndirəcək. Bu səfəri Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək mümkündür. Tərəflər arasında imzalanmış sənədlər dövlətlərimizin münasibətlərində yeni imkanlar açır”,-deyə Fatma Yıldırım vurğulayıb.