Didəm Nur adlı bir müğənni var. El məclislərinə gedir, əsasən Bərdədə keçirilən toy-nişan mərasimlərində prestijli ifaçı sayılır. Gözəl səsi, xalq mahnılarına köklənmiş maraqlı repertuarı, yüksək artistizm qabiliyyəti var. Bölgələrimizdə belə sənət adamlarının yetişməsi təqdirəlayiqdir. Sosial şəbəkələrdə tez-tez özünün və heyranlarının paylaşdığı parçalar qarşıma çıxır. Bərdədə doğulmuş və böyümüş bir insan olaraq o parçalar diqqətimi çəkir istər-istəməz.
Dəvət olunanda el-obanın xeyir işlərindən qalmıram. Düzünü deyim ki, bir çox hallarda ifaçıların dingiş repertuarının əlindən məclisləri tez tərk edirəm. Rəhmətlik Sərdar Əvəzoğlunun ifasından doymazdım. Qalibin apardığı Bərdə toylarında da axıracan otururam. “Giziroğlu Mustafa bəy” havasının pərəstişkarıyam. Yalan olmasın, yüzlərlə Azərbaycan və Türkiyə sənətçisinin ifasında dinləmişəm. Koroğlu dastanındakı gözəlləmələrdəndir. Tam məsuliyyətimlə deyirəm, bu gözəl havanı, mənim aləmimdə Bərdəli Qalib kimi ifa edən yoxdur. Qalib xeyli tanınır ölkədə, müsabiqələrdə iştirak edib, ana media kanallarına da zaman-zaman qonaq olur. Amma nə qədər mağardan çıxa bilməyən istedadlı ifaçı var, “toy məngənəsi”ndə sıxılıb qalıblar. Bu baxımdan Bərdənin bir övladı kimi Didəmə media dəstəyi verməyi özümə borc bildim. Əməkdaşlarımıza nömrəsini-filan da tapıb verdim. Amma di gəl neçə gündür Didəm xanım atlı olub, əməkdaşlarımız piyada. Məclislərin qızğın vaxtıdır, bu ayrı. Amma sən demə məsələ vaxtla bağlı deyilmiş.
Əməkdaşımız bir az da Didəm Nurun mediadan çəkingən olduğunu söyləyəndə ikimiz də mətəl qaldıq, düzü, çox qəribə gəldi.
Hə, deyilə bilər ki, müsahibə vermək və ya verməmək hər kəsin haqqıdır. AzNews.az kimi ölkənin nüfuzlu analitik-informasiya portalının əməkdaşlarının, əsasən əyalətdə fəaliyyət göstərən, uzaqbaşı “Tik-tok”da məşhur olan bir müğənninin arxasınca düşməsi də başadüşülən deyil. Amma mən məsələyə belə səthi yanaşmağın tərəfdarı deyiləm. Gəlin, məsələnin daha dərin qatlarına baxaq.
Didəm yaxşı toy apara, el şənliklərində çıxışları ilə özünü dinləyicilərə sevdirə bilər. Ancaq mediada çıxış müəyyən hazırlıq və özünəinam tələb edir. Biz media olaraq insanların bu inamını qırmış olmayaq?
Məni narahat edən əsas bu məqamdır.
Az qala hər ay, hər həftə kontekstdən çıxarılmış cümlələrə, yanlış təqdim olunmuş açıqlamalara görə kimlərsə sosial şəbəkələrdə linç olur. Siyasətçilər, ictimai fəallar, sənətçilər maqazinləşdirilir və maqazin qalmaqalları bütün cəmiyyətin əsəblərinə toxunur, qıcığına səbəb olur. Uzağa getməyəcəm, təhsil aldığım Bakı Dövlət Universitetinin hüquq fakültəsində nə qədər ciddi alim tanıyıram ki, mediadan uzaq durmağa çalışırlar. Manipulyasiya olunmaqdan qorxurlar. Əgər təcrübəli hüquqşünasları, samballı alimləri ciddi mövzularda danışmağa qoymuruqsa, əyalətdə fəaliyyət göstərən bir müğənninin öz ictimai mühitində narahatlıq yaratmamaq üçün mediadan uzaq durmasını anlayışla qarşılamaq lazımdır. Hərçənd sözünü etdiyim xanım sənətçi teleməkana yad biri də deyil, arada efirə-filan çıxır.
Bütün suçu özümüzdə də görməyin tərəfdarı deyiləm. Ən azından bizim Didəmə münasibətimiz müsbət, onu cəmiyyətin daha fərqli kəsimlərinə tanıtmaq məramımız xoşdur. Sözün açığı, Didəmi müsahib olaraq seçməkdə bir məqsədimiz də regionlara qayıdışı təşviq etmək idi. Bəli, biz media olaraq göstərməliyik ki, ölkənin bütün istedadlı, savadlı, qabiliyyətli adamları Bakıda cəmlənməməlidir. Qoy Didəm Bərdədə müğənnilik etsin, bir başqası qayıdıb öz doğulduğu bölgədə vəkillik etsin, pulu-parası olanlar investisiyanı rayonlara yatıraraq iş yeri açsınlar, biznes qursunlar...
Bəli, bütün bunları düşünürük, mərkəzi media adına paytaxt streotiplərini qırmağa çalışırıq, amma məsələ Didəmlik deyil, müxtəlif təbəqələrdə bir fikir formalaşıb: MEDİADAN UZAQ DURMAQ LAZIM!
Azərbaycanda PR xidməti göstərən şirkətlərə ehtiyac var. Yaxşı PR-çılar da var. Amma bu cür MMC-lər praktiki olaraq azdır və ya uğur qazana bilmirlər. Arxasında çox ciddi bir sosioloji səbəb yatır. Ölkədə şöhrət qazanmaq istəyənlər və ya bəlli bir şöhrətə çatanlar o şöhrətlə necə davranacağını bilmirlər. Məsələ toy tutmaqda, bazar genişlətməkdə, uğur hekayəsini cəmiyyətə aşılamaqda deyil, uğurun gətirdiyi şöhrətin bir andaca yıpranmaq təhlükəsindədir. Bu təhlükəni dəf etmək üçün şöhrət bulan insanların öz ictimai məsuliyyətinin hər zaman fərqində olması lazım.
Həmkarımız Rövşanə məni bir neçə dəfə öz proqramlarına dəvət edib. Müxtəlif sənətçilərlə həmsöhbət olmuşam. Ümumi səviyyələrindən razı qaldıqlarım da olub, narazı qaldıqlarım da. Bu günlərdə isə, Türkiyənin məşhur sənətçisi, əslən azərbaycanlı olan Ozan Akbabanın Fatih Altaylının proqramında izlədim. Fatih Altaylı son dərəcə yüksək səviyyəli “siyasi” jurnalistdir, elmi və kulturoloji mövzulara da zaman-zaman müraciət edir. Əyalətdəki müsiqi sənətinin kulturoloji aspektləri- Didəmlə həm də bunu üzə çıxarmaq istəyirdik.
Amma Didəm mediadan çəkinir.
Bəlkə də çəkinir ona görə ki, regionlarda yaşayan insanlarımızın əksəriyyəti ADƏTƏN media resurslarını rüşvətxor, jurnalistləri isə icra hakimiyyətlərinin, bələdiyyələrin önündə sülənən dilənçi, dələduz hesab edir...
Bu təsəvvürləri dəyişməliyik, mütləq dəyişməliyik.
O zaman media güvənc yeri olacaq.
Elə Didəm üçün də...
Taleh ŞAHSUVARLI