Azərbaycanda vergi ödəyicilərinin sayı 5 %-ə yaxın artıb

13 May 2025 11:28 (UTC+04:00)

Bu ilin mayın 1-nə Azərbaycanda 1 621 818 vergi ödəyicisi olub.

AzNews.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 4,8 % çoxdur.

Vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,3 %, hüquqi şəxslərin sayı 7,7 % artıb.

Aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,4 % artaraq 195 263 vahid təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Təkcə bu ilin yanvar-aprel aylarında 4 995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89,5 %-i yerli investisiyalı, 10,5 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86,3 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97,1 % təşkil edib.