Bakıda qeydiyyatı olmayanlar necə səs verə bilər?

2 Sentyabr 2013 11:10 (UTC+04:00)
Seçkilər yaxınlaşdıqca, seçicilərin səsvermə ilə bağlı sualları da çoxalır. Seçicilər regionlardan paytaxta işləməyə, oxumağa, yaşamağa gəldikləri üçün elə səsvermə zamanı Bakıda seçki hüquqlarından istifadə etmək istəyirlər.


Bəs qanun bu barədə nə deyir?

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev "Qafqazinfo"ya açıqlamasında bu prosesin çətin olmadığını bildirib:

"Bunun üçün hər bir seçici qeydiyyatda olduğu rayondan qeydiyyatdan çıxma vəsiqəsi almalıdır. Həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər".

Seçiciləri narahat edən daha bir məqam isə Bakıda qeydiyyatda olmadıqları halda, şəxsiyyət vəsiqəsində qeydiyyatda olduqları şəhər və rayonda onlara və ya ailələrinə məxsus olan evin satılmasıdır. Bu məqamda onların adı qeydiyyatda olduqları seçki dairələrində də yazılmır.

"Bu zaman seçici nə etməlidir?" sualını da MSK rəsmisi cavablandırıb. Onun sözlərinə görə, əgər seçici hansısa rayonda şəxsiyyət vəsiqəsində qeydiyyatdadırsa, adı olan seçki məntəqəsinə yaxınlaşaraq qeydiyyatdan çıxmaq vəsiqəsi almalıdır. Həmin vərəqə ilə o, Bakıda istənilən seçki məntəqəsində səs verə bilər. Əgər seçicinin adı siyahıda yoxdursa, həmin seçici şəxsiyyət vəsiqəsindəki qeydiyyata uyğun olaraq seçki məntəqəsində adını seçici siyahısına saldırmalıdır".

A.Sarıyev həmçinin vurğulayıb ki, əgər qeydiyyatı rayonda olub, lakin ordakı mənzili satılan seçicilərin sözügedən rayonlara getmək imkanları yoxdursa, bunun üçün MSK-nın 115 saylı qaynar xəttinə zəng vursunlar:

"Buna da imkanları yoxdursa, MSK-nın veb saytına daxil olub "Qaynar xətt, online müraciət" bölməsində tələb olunan şərtləri doldurmaqla qeydlərini apara bilərlər".

Azərbaycandan kənarda yaşayan vətəndaşlarımız da seçki hüquqlarından istifadə edə bilərlər. Bunun üçün isə sadəcə Azərbaycanın xarici ölkələrdəki səfirliklərindən, konsulluqlarında fəaliyyət göstərən MSK-nın məntəqələrinə müraciət edib, səsvermə hüquqlarından istifadə yararlana bilərlər.

Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.

AzNews.az