Kriminal aləmin məşhur simaları Bakıda: “Tac”landırma mərasimi - EKSKLÜZİV

2 Sentyabr 2013 11:31 (UTC+04:00)
Daha bir azərbaycanlıya "oğru" adı verilir


"Zyoma" ləqəbi ilə tanınan kriminal avtoritet Zamir Avarskinin tacqoyma mərasiminin olacağı gözlənilir. AzNews.az-a daxil olan məlumata görə, "Zyoma"nın "qanuni oğru" olması üçün "hə" dünən "qanuni oğru" Rafiq Bağırov tərəfindən verilib.

Bu məqsədlə bu yaxınlarda qətlə yetirilən qanuni oğru "Qoca" ləqəbli Əlibala Həmidovun bir qrup silahdaşı dünən günorta saat 3 radələrində R.Bağırovun cəza çəkdiyi Şüvəlandakı 3 saylı istintaq təcridxanasında olub.

Aldığımız məlumata görə, həmin görüşdə "Qoca" ləqəbli Əlibala Həmidovun qaynı Binnət, sinif yoldaşı Hacıbaba, oğru dünyasında avtoritet kimi tanınan "Zyoma" ləqəbli Zamir Avarski və başqa avar millətindən olan 3-4 nəfər şəxs iştirak edib. Məlumata görə, "Qoca"nın silahdaşları "qanuni oğru" Rafiq Bağırova "xüsusi məktub" da gətiriblər. Mərhum "qanuni oğru" "Qoca"nın ölümündən qabaq əslən Balakəndən olan "Zyoma"nı tərifləyərək, ona "qanuni oğru" adı verilməsini məsləhət bilib. Bildirildiyinə görə, "qanuni oğru" kimi tanınan Arif Sumqayıtski, hazırda həbsdə olan "oğru" Dadaş, bu yaxınlarda Rusiyada həbsdən buraxılmış gürcüstanlı Vaqif və digərləri də Zamir Avarskinin "oğru" adlanmasına tərəfdar çıxıblar.

Məlumatda bu həmrəyliyin öz nəticəsini verdiyi və bunun üçün Şüvəlan həbsxanasında cəza çəkən Rafiq Bağırovun "dabro"sunu aldıqları bildirilir. Bu gün və ya sabah artıq "qanuni oğru" olan Zamir Avarskinin "tacqoyma" mərasiminin olacağı gözlənilir. Yeri hələlik bəlli olmasa da, 5 yüksək səviyyəli restoran rəhbərliyinin bu mərasimə ev sahibliyi etmək arzusunda olduğu bildirilir.

Məlumata görə, oğru dünyasının mərasimə qatılacaq nüfuzlu şəxsləri artıq Bakıdadır.

Yazı hazırlanan vaxt məlumat aldıq ki, "Oğru" dünyasının Bakıya gəlmiş məşhur simaları Qocanın qəbrini ziyarət ediblər. Onlar təxminən yarım saat öncə Yasamal qəbiristalnığında olublar. AzNews.az-ın məlumatına görə, 9 nəfərdən ibarət heyyət qəbiristalığa 4 bahalı avtomobillə gəliblər.

Sarı
AzNews.az