Azərbaycanın bu il Afrikanın bəzi ölkələri ilə əməkdaşlığı genişlənəcək.
Bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində keçirilən “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə deputatların suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, həmin ölkələr sırasında Efiopiya, Somali, Qvineya və s. var: “COP-29-dan sonra Afrika ölkələri ilə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Ona görə də bəzi Afrika ölkələri ilə diplomatik təmsilçiliyin genişləndirilməsi müzakirə olunur”. Bu münasibətlərdə həmişə BMT Nizamnaməsində də suveren bərabərlik prinsipi əhəmiyyət kəs edir. Hər bir dövlət buna uyğun münasibətlərini qurmalıdırlar.
Nazir müavini onu da bildirib ki, Frankafoniya təşkilatındakı bəzi dövlətlər platformanın başqa məqsədlərlə istifadəsinə yol verir. Əlavə edib ki, təşkilatın daxilində Azərbaycanın dostları çoxdur: “Ümid edirik ki, dost ölkələr təşkilatın prinsiplərinə uyğun yanaşmadan çıxış edəcəklər”.
O vurğulayıb ki, Azərbaycanın beynəlxalq mövqeyi beynəlxalq hüquqa və prinsiplərə əsaslanır: “Bizim siyasətimiz heç bir tərəfin mövqeyinə toxunmamaq kimi yox, beynəlxalq hüququn tələblərinə əsaslandığı kimi açıqlanır. Bu, Hindistan-Pakistan münasibətləri ilə bağlı mövqeyə də aiddir.
Hindistanın Ermənistanı silahlandırmasına gəlincə, hazırda həssas dönəmdəyik və üçüncü ölkələrdən, xüsusilə Hindistandan gözləntimiz budur ki, münasibətlərə xələl gətirəcək addımlar atılmasın. Azərbaycan üçün Hindistan vacib ölkədir”.