Kanada tebe nada?

2 Sentyabr 2013 12:10 (UTC+04:00)
Kül keçəlin başına...

İnsanın bir dəhşətli çıxılmazlığı var: tədricən həyatımıza o qədər adam gətiririk ki, sonra tənhalığa çəkilmək istəyini gerçəklişdirmək mümkün olmur. Olmur...

Ay qabaq yeddi ildi ki Kanadada yaşayan tanışımla rastlaşdıq. Həsrətində olduğum bir ölkənin görməmişi kimi suala tutdum onu. Sözündən belə çıxdı ki, Kanada tebe nada? Dedi ki, orda qala bilmir, adamlar çox soyuq, hətta qapıbir qonşuların da bir-biriylə get-gəli yox.

Axx... Mən elə o Kanadanın soyuqluğunu sevirəm də.

Axx... Mənim doğma vətənimə ögey münasibətim elə onun "odlar yurdu" və "günəşli Azərbaycan", adamlarının "qaryaçi krov" olmasıyla bağlı.

Yenə kövrəldim. Nədənsə, son vaxtlar AZƏRBAYCAN sözünü eşidəndə, deyəndə, yazanda gözlərim dolur.

Yeri gəlmişkən, öz əlimiznən öz boynumuza qoyduqlarımızdan biri də bu ki, KİŞİ AĞLAMAZ!
Niyə, xeyir ola?! İnsan orqanizmində təbii mexanizmlər elə-belə işə düşmür e... Bilə-bilə ki, göz yaşları bədəndəki artıq stress hormonlarını çölə çıxarır, bilə-bilə ki, heç olmasa, hərdənbir ağlamayanlarda iştaha və yuxu pozulması ola bilər, niyə də ağlamayasan?!

Ağlamaq zəiflik əlaməti deyil ki. Bizdəki KİŞİ AĞLAMAZ deyimi Qədim Romada QUL AĞLAMAZ şəklində. Nədən ki, ağlamaq bir imtiyaz idi və yalniz azad romalılarin imtiyazıydı.
Gözlərinizin suyunu açın, qoy axsın e, ağlamaq "za padlo" olsaydı, kişiliyə xələl gətirsəydi, kişilikdən ən çox danışan Qafqazın qəhramanlıq dastanı olan "Pələng dərisi geymiş pəhləvan"da "cigitlər" səhərdən-axşamacan ağlaşma qurmazdılar.

Onu deyirdim axı... Azərbaycandan xaricə gedənlər məhz həmin ölkələrdə adamların soyuqluğuna öyrəşə bilmirlər. Nəyimiz də olmasa, qohumcanlığımız, qonşucanlığımız, ailəcanlığımız var axı. Daha doğrusu budur: Şərqin kollektivçilik üzərində qurulmuş həyat tərzindən çıxanların Qərbin fərdiyyətçilik üzərində qurulmuş həyat tərzinə uyğunlaşması qeyri-mümkün.

Hə tooba, biz uşaqlıqdan başlayaraq sadəcə böyümürük, həm də çoxalırıq. Getdikcə ətrafımızdakı "yaxın adamların" dairəsi genişlənir. Bağçadan, məktəbdən, institutdan, işdən geçən həyat qatarımıza hər dayanacaqda yeni-yeni adamlar minməkdə.

Sən nə vaxtsa qohumdan, dostdan, sinif-tələbə və iş yoldaşından ibarət 100 evlik bir "nəsliə" malik idin. Evləndin və bunun üstünə həyat yoldaşının 100 evlik "nəsli" də gəldi... Və buraya hər qardaşının və hər bacının evlənməsiylə, üstəlik həyat yoldaşının da hər qardaşının və hər bacısının evlənməsiylə 10-15 dənə də 100 evlik "nəsil" əlavə olundu. Vay dədəə...

Və bir də görürsən ki, ömrün qohum-əqrabadan ibarət bu böyük dairənin xeyir-şərinə get-gəllərdə keçib-getdi.

Uşaq doğuldu – gözaydınlığı məclisindəsən, sünnət oldu – gözmuncuğu məclisindəsən, birinci sinifə getdi – ayallahsaxlasın məclisindəsən, əsgərliyə getdi – yolasaldı məclisindəsən, əsgərlikdən gəldi – sağgəldi məclisindəsən, insituta girdi – uğurolsun məclisindəsən, qovuldu – keçmişolsun məclisindəsən. Rəhmətə gedən var – biri, üçü, yeddisi, qırxı, ili gedib yarım saat gözə görünməkçün neçə kilometr yol ölçməlisən. Həccə gedən var – gedib görməlisən, Həccdən gələn var – əmvatına bir salavat, qaça-qaça gedib görməlisən. Evlənən var – nişanı, xınayaxdısı, kəsmətkəsdisi, toyu, toydan sonra ayaqaçdısı – hamısında olmalısan. Xəstələnən var – baş çəkməlisən, sağalan var – baş çəkməlisən.

Hələ bunun təqvimin bütün qırmızı günlərində bayramlaşmağı var, ad günlərində təbrikləşməyi var... Ay Allah evinizi tiksin, ürəyim sıxıldı.

Sonra da gileylənirik ki, Azərbaycanda sənət yox, elm yox, idman yox. Bə nə bilmişdin?! Qohum-əqrabanın əlindən yazıçının roman yazmağa, alimin kəşf eləməyə, idmançının məşq eləməyə vaxtı mı var?

Bu da Kanada kimi yerdən durub gəlib ki, oralarda adamlar soyuqdur, bir-birinə get-gəlləri yoxdur.
Tük keçəlin başına...

Publik.az