“İbrahim sazişləri İsrailin ərəb-müsəlman dünyasındakı təcridinə son qoymaq məqsədi daşıyan strateji təşəbbüsdür. İlk dəfə 2020-ci ildə İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan bu sazişlər sonradan Bəhreyn, Sudan və Mərakeş tərəfindən də qəbul edildi. Bu razılaşmalar tərəflər arasında diplomatik münasibətlərin normallaşdırılmasını və gələcək inkişaf perspektivlərini əhatə edir. Onların əhatə dairəsinin genişlənməsi isə İsrail üçün həyati əhəmiyyət kəsb edir. Hazırda bir sıra ölkələrin, o cümlədən Azərbaycan, Ermənistan, Mərkəzi Asiyanın türk-müsəlman dövlətləri və hətta post-Əsəd dövrü Suriyanın da İbrahim sazişlərinə mümkün qoşulması məsələsi aktiv şəkildə müzakirə olunur”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Xatırladaq ki, Azərbaycan “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr sırasında yer alır. Bu barədə ABŞ-ın sabiq Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın aylarda Azərbaycan da daxil olmaqla 4-6 ölkənin bu təşəbbüsə qoşulması mümkündür. Son günlərdə bir qrup tanınmış ravvin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın İbrahim sazişlərinə daxil edilməsini dəstəkləyib.
Siyasi şərhçi bildirib ki, Azərbaycanın bu prosesə qoşulması ilk növbədə milli maraqlar prizmasından qiymətləndirilməlidir.
“Çünki belə bir qərar regional dinamikanı köklü şəkildə dəyişdirə bilər. Azərbaycanla İsrail arasında münasibətlər hələ müstəqilliyin ilk illərindən formalaşmağa başlayıb və zamanla davamlı inkişaf göstərib. Bu əlaqələr 2023-cü ilin mart ayında Tel-Əvivdə Azərbaycan səfirliyinin açılması ilə ən yüksək səviyyəyə çatdı. Zəfər dövrü Azərbaycanın xarici siyasəti üçün yeni üfüqlər açdı. Azərbaycan artıq öz milli problemini – Qarabağ məsələsini – həll etmiş ölkə kimi qlobal aktorlar arasında vasitəçi rolunda çıxış etməyə başlayıb. Bu xüsusda, Azərbaycan xüsusilə İsrail və Türkiyə arasında barışdırıcı və balanslaşdırıcı mövqe tutur. Başqa sözlə, Bakı İsrailin regional təcriddən çıxmasına yardım edən mühüm tərəfdaş kimi çıxış edir. Bu münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, həmçinin hərbi-təhlükəsizlik, enerji və iqtisadi sahələrdə də geniş əməkdaşlığı əhatə edir. İsrail üçün regional təcriddən çıxmağın yollarından biri də qlobal enerji və nəqliyyat dəhlizlərini öz ərazisindən keçirməkdir. Bu kontekstdə İsrail, Kipr və Yunanıstan arasında Yaxın Şərqdən Avropaya uzanan enerji koridoru yaratmaq cəhdləri diqqət çəkir. Əvvəlcə Avropanın enerji təhlükəsizliyinə yönəlik addım kimi təqdim edilən bu layihə, əslində, İsrailin milli maraqlarına xidmət edir. Lakin layihənin gerçəkləşməsi siyasi maneələrlə üzləşir – əsasən Türkiyənin müqaviməti səbəbindən. Belə bir vəziyyətdə İsrailin qlobal enerji və nəqliyyat arxitekturasında mövqeyini möhkəmləndirməsi üçün həm Türkiyəyə, həm də Azərbaycana ehtiyacı artır”.
Siyasi şərhçi əlavə edib ki, bu kontekstdə 2025-ci il martın 5-də İsrail parlamentində ‘İsrail və Azərbaycan arasında strateji ittifaqın gücləndirilməsi haqqında’ qətnamə layihəsinin gündəliyə çıxarılması təsadüfi deyil:
“Bundan dərhal sonra Baş nazir Benyamin Netanyahu açıq şəkildə bəyan edib ki, İsrail Azərbaycan və ABŞ-la birgə üçtərəfli əməkdaşlıq formatını inkişaf etdirməkdə maraqlıdır. Elə həmin ayın 14-də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun Bakıya səfəri bu istiqamətdə konkret addım kimi qiymətləndirilə bilər. Beləliklə, Azərbaycan İsrailin Türkiyə ilə yaxınlaşmasına, İsrail isə Azərbaycanın ABŞ-la münasibətlərinin dərinləşməsinə töhfə verir. Bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq modelinə əsaslanır. Bu kontekstdə Azərbaycanın İbrahim sazişlərinə qoşulması Azərbaycan–İsrail–ABŞ–Türkiyə dördtərəfli əməkdaşlıq formatı çərçivəsində daha real və məqsədəuyğun görünür. Bu prosesin davamı olaraq, İsraildən Türkiyə üzərindən Avropaya, həmçinin Yaxın Şərqdən Türkiyə, Ermənistan və Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya uzanacaq yeni enerji və nəqliyyat dəhlizlərinin formalaşması mümkündür”.
Siyasi şərhçi sonda vurğulayıb ki, bu kontekstdə İranın mövqeyinin də nəzərə alınması vacibdir:
“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərdi. Bu münasibətlərin qorunması hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın İbrahim sazişlərinə qoşulması bu fonda balanslaşdırıcı addım kimi qiymətləndirilə və İran tərəfinin bu məsələni daha praqmatik şəkildə dəyərləndirəcəyi ehtimal edilə bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az