“Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı yeni sanksiyalar paketinin əsas məqsədi Kremlin hərbi-siyasi və iqtisadi potensialını zəiflətməkdir. Əvvəllər Avropa İttifaqı bu istiqamətdə addımlar atmaqda tərəddüd edirdi, çünki ABŞ-də hakimiyyətə gəlmiş Donald Tramp administrasiyası Rusiya ilə yaxınlaşma niyyəti nümayiş etdirirdi. Hətta “Tramp-Putin sövdələşməsi” ifadəsi bir müddət Qərb siyasi dairələrində geniş müzakirə mövzusuna çevrilmişdi. Lakin Avropa dövlətləri bu yanaşmanı təhlükəli hesab edir, Ukraynanın Rusiyaya güzəştə gedilməsinin gələcəkdə Avropanın bir sıra ölkələrini də hərbi hədəfə çevirə biləcəyindən narahatlıq keçirirdilər. Bu səbəbdən Aİ ölkələri Rusiyaya qarşı həm siyasi, həm də iqtisadi müqavimət göstərməyə çalışırdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların dairəsini genişləndirir. İyunun 15-də Aİ-yə üzv ölkələrin səfirləri 17-ci sanksiyalar paketi üzrə yekun razılığa gəliblər. Bu barədə Fransanın AFP agentliyi məlumat yayıb. Yeni sanksiyalar paketi Rusiyanın Ukraynadakı hərbi fəaliyyətinə dəstək verən sektorlar və fiziki şəxslərə qarşı əlavə məhdudiyyətləri nəzərdə tutur.
Siyasi şərhçi bildirib ki, son hadisələr Avropa dövlətlərinin arzuladığı siyasi konfiqurasiyanın formalaşmağa başladığını göstərir.
“Tramp administrasiyası ilə Kreml arasında ziddiyyətlər kəskinləşib. Hazırda ABŞ Rusiya ilə siyasi dialoqu dayandırıb, Ukrayna müharibəsinə dair vasitəçilik təşəbbüslərindən geri çəkilib. Eyni zamanda, Tramp administrasiyasının Rusiya ilə bağlı daha sərt mövqe sərgiləməsi müşahidə olunur. Gözləntilərə görə, yaxın vaxtlarda ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edə və Ukraynaya hərbi yardımını bərpa edə bilər. Bu, Avropa İttifaqının Rusiyaya qarşı daha koordinasiyalı və təzyiqə əsaslanan yanaşma formalaşdırması üçün əlverişli zəmin yaradır. Hazırda Avropa dövlətləri diqqətlərini İstanbulda keçirilməsi gözlənilən növbəti sülh görüşünə yönəldiblər. Əgər bu görüşdən sülh sazişinin imzalanacağına dair pozitiv siqnallar alınmasa, Aİ-nin Rusiyaya qarşı daha sərt sanksiyalar paketini qəbul etməsi və ABŞ-ni də bu istiqamətdə təşviq etməsi gözlənilir. Bu kontekstdə Rusiyanın qarşıdakı dövrdə ciddi geosiyasi təzyiqlərlə üzləşəcəyi reallıq olaraq görünür”.
Siyasi şərhçi sonda vurğulayıb ki, əgər ABŞ və Avropa İttifaqı bu dəfə Rusiyaya qarşı daha güclü və koordinasiyalı sanksiya dalğası başlada bilsə, bu, Ukraynanın mövqeyini gücləndirəcək və Rusiya üçün dərin hərbi-siyasi böhran mərhələsinin başlanğıcına səbəb ola bilər:
“Hazırda Kreml də yaranmış mənzərəni dəyərləndirərək, qarşıdakı dövrün onun üçün ciddi sınaqlarla müşayiət olunacağını anlamağa başlayır. Rusiya qaranlıq və uzun bir tunelə daxil olmaq üzrədir – bu tunelin sonunda isə onun hərbi və geosiyasi məğlubiyyəti ehtimal xarakteri daşımır, getdikcə real ssenariyə çevrilir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az