Muğanlı sakinlərinin su probleminə çarə tapılır

2 Sentyabr 2013 13:42 (UTC+04:00)
"Azərsu" ASC "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun Masallının 23 kəndini əhatə edən layihə həyata keçirir.

Qurumun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, rayonun Muğanlı zonasında yerləşən və içməli sudan korluq çəkən Şərəfə, Həsənli, Hacıtəpə, Sığıncaq, Ərəb, Xırmandalı, Məmmədxanlı, Təkdam, Köçəkli Kürdəbazlı, Eminli, Qarğalıq, Şəhriyar, Dəlləkli, Xallıcalı, Ağakişibəyli, Bala Təklə, Alışanlı, Ətçələr, Birinci Səmədxanlı, İkinci Səmədxanlı, Təklə, Qədirli kəndlərinin su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

30 mindən çox sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanan layihənin icrası avqust ayında başlayıb. Layihəyə əsasən kənd sakinlərinə içməli su Viləşçay hövzəsində inşa edilən sutəmizləyici qurğudan veriləcək.

Yaşayış məntəqələrini özüaxımlı rejimdə su ilə təmin etmək üçün ümumi həcmi 10 min kubmetr olan 2 su anbarı tikiləcəkdir. Su mənbəyindən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 19,4 km uzunluğunda magistral su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 2,5 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.

İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur.

Növbəti mərhələdə anbar kompleksindən Ərkivan-Qızılağac kəndləri istiqamətində ikinci magistral su xəttinin çəkilməsi də planlaşdırılır. Bu xətt istismara veriləndən sonra Masallı rayonunun bu mənbədən su alan kəndlərinin sayı 38-ə, əhalinin sayı isə 50 min nəfərə çatacaqdır.

Yeni layihə "Azərsu" ASC-nin Təxirəsalınmaz Tədbirlər Planına uyğun olaraq icra edilir. Qeyd edək ki, Muğanlı zonasında yerləşən kəndlərin sakinləri içməli suyu ya maşınlarla alır, ya da böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.

Elnarə
AzNews.az