Azərbaycan üçün 51 universitet çoxdur, təhsil sistemi kökündən dəyişməlidir - UNEC-in rektoru ilə müsahibə

19 May 2025 14:16 (UTC+04:00)

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 yaşı tamam olur. Ölkəmizin ali təhsil sferasında mühüm yeri olan bu universitet zamanında xeyli inkişafa, xeyli qalmaqala imza atıb. Son illər isə UNEC həm daxildə, həm də xaricdə Azərbaycan təhsilinin brendinə çevrilib. Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov UNEC-in 95 illik yubileyi münasibətilə AzEdu.az saytına geniş müsahibə verib.

AzNews.az müsahibəninin 1-ci hissəsini təqdim edir:

UNEC iqtisadçı kadrların hazırlandığı ən böyük məktəbdir

- Ədalət müəllim, qarşıdan gələn yubiley yaşınızı təbrik edirik. İstərdik ki, fəaliyyət illərinizə nəzər salaq. Bu müddət ərzində universitet hansı yeniliklərə imza atıb? Universitetin keçmiş nəticələrini necə qiymətləndirirsiniz?

- Universitetimizə diqqət ayırdığınız üçün mən də sizə təşəkkür edirəm. Azərbaycan Dövlət İqtisad Universiteti həqiqətən də köklü ali təhsil müəssisələrindən biridir. Universitet 1930-cu ildə yardılıb. UNEC ölkəmizdə iqtisadçı kadrların hazırlanması ilə məşğul olan ən böyük və güclü məktəbdir.

Yeri gəlmişkən, qeyd edim ki, UNEC Cənubi Qafqazda da iqtisadyönümlü ən böyük ali təhsil müəssisəsidir. 95 il ərzində universitetin qazandığı uğurlar haqqında danışmaq, təbii ki, həm çətin, həm də vaxt aparan bir məsələdir. Lakin bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, bu gün universitetimiz dünyada tanınan nüfuzlu ali təhsil müəssisələrindən biridir. Belə ki, UNEC bir sıra beynəlxalq reytinqlərdə və nüfuzlu sıralamalarda ölkəmiz üzrə birinci, digərlərində isə ikinci pillədədir. Düşünürəm ki, universitetin ən böyük uğurlarından danışarkən son illərdə elmi fəaliyyət sahəsində əldə etdiyimiz nailiyyətlər mütləq şəkildə qeyd olunmalıdır.

“Web of Science” və “Scopus” bazalarında çap olunmuş məqalələrin artım tempinə görə UNEC dünyada lider mövqedədir. Hazırda bu qədər yüksək artım sürəti nümayiş etdirən ikinci bir universitet yoxdur. İstinad göstəriciləri baxımından da böyük uğurlarımız böyükdür. Məsələn, “Scopus” bazasında UNEC-ə aid məqalələrə istinadların sayı son 10 ildə 1000 dəfədən çox, “Web of Science” bazasında isə 310 dəfə artıb. Məqalələrin ümumi sayına gəldikdə isə həm “Scopus”, həm də “Web of Science” üzrə bu göstərici 200 dəfədən çox artım nümayiş etdirib. Bu artım tempinə görə də universitetimiz dünya üzrə lider mövqedədir. Məqalə sayının özü çox önəmlidir, amma hesab edirəm ki, ən böyük uğur məqalələrinin sayının artımı deyil, müəllimlərimizdə özünə güvən hissinin formalaşdırılmasıdır. Yəni müəllimlərimiz, tədqiqatçılarımız anlayırlar ki, “Web of Science” və “Scopus”-da məqalələr çap etdirmək əvvəllər düşünüldüyü qədər çətin deyil. Həqiqətən də bu, belədir.

Eyni zamanda, universitetin dəyişən keyfiyyət göstəricilərinə nəzər saldıqda da mühüm irəliləyişləri görmək mümkündür. Belə ki, 10 il əvvəl UNEC-də təhsil alan tələbələrin 70%-i ödənişli əsaslarla, yalnız 30%-i dövlət sifarişi əsasında oxuyurdu. Bu isə həmin dövrdə universitetə qəbul olan tələbələrin keçid ballarının aşağı olduğunu göstərirdi. Hazırda isə vəziyyət tamamilə fərqlidir: UNEC-də təhsil alan tələbələrin 80%-i dövlət sifarişi əsasında, yalnız 20%-i ödənişli əsaslarla təhsil alır. Bu fakt onu göstərir ki, Azərbaycan Dövlət İqtisad Universitetini seçən abituriyentlər yüksək bal toplayan, savadlı və məqsədyönlü gənclərdir. Mənə elə gəlir ki, bu, bizim ən böyük uğurlarımızdan biri sayılmalıdır.

Ümumiyyətlə, UNEC-in yetərincə potensialı var və düşünürəm ki, bu potensialın reallaşdırılması üçün əlavə addımlar atmağa ehtiyacımız var. O ki qaldı təhsilin özündə dəyişikliklərlə bağlı məsələyə, biz regionda ilk dəfə rəqəmsal universitet modelini reallaşdıra bildik. Bu baxımdan təhsil prosesinin idarə edilməsi və keyfiyyətinin monitorinqi xeyli asanlaşıb. Belə ki, hər an biz təhsildə baş verənlərlə bağlı monitorinq, qiymətləndirmə apara bilirik. Harada ehtiyac varsa, müdaxilə edə bilirik ki, bizi qane etməyən məqamlar aradan qalxsın. Tələbələrimiz üçün “bir pəncərə” sistemi tətbiq etmişik. Bu da o deməkdir ki, tələbələrimizə lazım olan istənilən sənədi universitetə gəlmədən, öz şəxsi kabinetləri vasitəsilə sifariş edə bilərlər. Müəyyən olunmuş vaxt çərçivəsində həmin sənədi tələbələrimiz əldə edirlər. Bundan başqa, universitetimizdə kifayət qədər zəngin elektron kitabxana mövcuddur. Məlumat üçün bildirim ki, bu gün kitabxanamızda mövcud olan resursların sayı 5 milyona yaxındır. Bu isə o deməkdir ki, tələbə, müəllim və məzunlarımız ən müasir elmi və tədris vəsaitlərindən sərbəst şəkildə istifadə edə bilirlər.

Müəllimlərin maaşı 2 dəfə artıb

- Eyni zamanda, universitetimizdə müəllimlərin fəaliyyətinin nəticələrinə əsaslanan reytinq sistemi mövcuddur. Yəni müəllimlərin maaşı sabit vəzifə maaşı prinsipi ilə deyil, fəaliyyət nəticələrinə əsasən fərqli şəkildə müəyyən olunur. Bu sistemdə ilk onluğa daxil olan müəllimlərin maaşı 2 dəfə, 11-ci yerdən 30-cu yerə qədər olan müəllimlərin maaşı isə 70% artırılır. Reytinqin hesablanması üçün təxminən 100-dən çox göstəricidən istifadə edirik və bu göstəricilərin 70%-i məhz tədqiqat fəaliyyəti ilə bağlıdır. UNEC-də müəllimlərimizi şərti olaraq iki əsas qrupa bölmüşük: yalnız pedaqoji fəaliyyətlə məşğul olanlar və həm pedaqoji, həm də tədqiqat fəaliyyəti aparan müəllimlər. İkinci qrupa aid olan, yəni tədqiqatçı statusu əldə edən müəllimlərin maaşı 50% artırılır. Bu statusu almaq üçün müəllimin son 5 il ərzində çap olunmuş məqalələrinə istinadların sayı 100-dən çox olmalıdır. Əvvəllər "Google Scholar" bazasından istifadə edirdik, amma artıq iki ildir ki, bu yanaşmanı “Scopus” bazası əsasında tətbiq edirik. Yəni son beş ildə “Scopus”da çap olunmuş məqalələrə istinadların sayı 100-dən, H indeksi isə 8-dən az olmamalıdır. Bundan əlavə, xarici dil sertifikatı təqdim edən müəllimlərə əməkhaqqı fondundan 15% əlavə ödəniş edilir.

Universitetimizdə UNEC Extern (Distant Təhsil Mərkəzi) fəaliyyət göstərir. Bu mərkəz vasitəsilə 20 min tələbəyə uzaqdan təhsil vermək imkanımız var. Mərkəz 2018-ci ildə, o zamankı təhsil naziri, hörmətli Ceyhun Bayramovun iştirakı ilə açılıb. Hazırda auditoriyalarımızın 80%-i hibrid auditoriyalardır. Bu o deməkdir ki, istənilən vaxt hibrid dərslərin təşkili texniki baxımdan tam mümkündür. Hesab edirəm ki, yaxın gələcəkdə hibrid dərslərin geniş tətbiqi qaçılmaz olacaq. Hazırda üzərində çalışdığımız ən böyük layihələrdən biri süni intellektin təhsilə tətbiqidir. Hesab edirəm ki, yaxın vaxtlarda bu istiqamətdə işləri başa çatdıraraq ictimaiyyətə ətraflı məlumat verəcəyik. Universitetimiz artıq rəqəmsallaşdığı üçün süni intellektin tətbiqi texniki və infrastruktur baxımından heç bir çətinlik yaratmır. Bu baxımdan, sistemin UNEC-də tətbiqi olduqca asan və realdır. Düşünürəm ki, süni intellektin təhsil prosesinə inteqrasiyasından sonra universitetimiz qarşıya qoyduğu strateji hədəflərə daha sürətlə irəliləyəcək.

Son hədəfimiz isə universitetimizin 100 illiyində dünyanın 500 ən yaxşı ali təhsil müəssisəsi sırasına daxil olmasıdır. Hazırda beynəlxalq reytinqlərdə UNEC 1029-cu yerdədir. Əminəm ki, iyun ayında açıqlanacaq reytinq cədvəlində UNEC-in mövqeyi xeyli yaxşılaşacaq. Bir sözlə, ümumiləşdirərək demək olar ki, universitetimizin gələcək uğurları üçün yetərincə güclü elmi, akademik, texnoloji və təşkilati potensial mövcuddur. Əminəm ki, universitetimiz qarşıya qoyduğu hədəflərə uğurla nail olacaq.

Süni intellekt müəllimi əvəz edəcək?

- Universitetin tarixini nəzərə alsaq, sizcə, hansı dövrü "qızıl dövr" adlandırmaq olar?

- UNEC brendi 2016-cı ilin mart ayından tətbiq olunur və həmin vaxtdan etibarən rəsmən qüvvəyə minib. Azərbaycanda ilk dəfə olaraq ali təhsilin brendləşməsi məhz bizim universitet tərəfindən həyata keçirilib. Bu səbəbdən əgər konkret UNEC brendi haqqında danışırıqsa, əsas etibarilə 2016-cı ildən sonrakı dövrü nəzərdə tutmalıyıq.

Amma bütövlükdə universitetimiz haqqında danışırıqsa, mənim tərəfdən onun müəyyən bir dövrünün “qızıl dövr” kimi adlandırılması doğru olmaz. Çünki UNEC köklü ənənələrə malik ali məktəbdir və fəaliyyəti dövründə çoxlu uğurlar əldə edib. UNEC haqqında ən dolğun və obyektiv qiyməti Ümummilli lider Heydər Əliyev universitetimizin 70 illiyi zamanı vermişdi. Həmin səfər çərçivəsində Ulu öndər universitetimizin inkişafı ilə bağlı öz dəyərli tövsiyələrini də səsləndirmişdi. Biz bu gün dəyişiklik proqramlarımızı məhz onun səsləndirdiyi təklif, arzu və tapşırıqlar əsasında qurmuşuq. Bütün hallarda bu ali təhsil müəssisəsinin tarixi çoxşaxəli və özünəməxsus olub.

Bildiyiniz kimi, universitet bir neçə dəfə fəaliyyətini dayandırmalı olub. Amma bu gün UNEC yenidən dirçəlmiş, müasir tələblərə cavab verən, ayaq üstə qürurla dayanan bir ali məktəbdir. Düşünürəm ki, bu ali məktəb ölkənin və regionun ən güclü universitetləri ilə rəqabət aparmaq istiqamətində öz möhkəm və ardıcıl fəaliyyətini davam etdirir. Bütövlükdə, bu gün yeni universitet modelinə ciddi ehtiyac var. Və bu ehtiyac təkcə Azərbaycanda deyil, bütün dünyada gündəmdədir. Klassik, ənənəvi universitet modeli artıq öz dövrünü başa vurmuş sayılır. Birinci Sənaye İnqilabı dövründə formalaşmış universitet modeli bu gün də demək olar ki, eyni formatda fəaliyyətini davam etdirir. Nəzərə almalıyıq ki, Dördüncü Sənaye İnqilabı dövründə həmin model artıq effektiv nəticə vermir. Ümumiyyətlə, ali təhsil bu gün sürətli iqtisadi və texnoloji dəyişikliklərdən geri qalır. Bu gün texnologiya şirkətləri artıq innovasiya mərkəzlərinə çevrilir. Məhz buna görə də universitet modeli dəyişməlidir. Dünyada bu istiqamətdə çoxsaylı maraqlı müzakirələr gedir. Ən çox səsləndirilən yanaşmalardan biri odur ki, təhsil tələbə mərkəzli və adaptiv olmalıdır. Eyni zamanda, təhsil sistemi daha çox bacarıqların inkişafına fokuslanmalıdır. Müəllimin auditoriyanın mərkəzində dayanıb mühazirə oxuması və ertəsi gün tələbələrin həmin mühazirəni sadəcə təkrar etməsi modeli artıq özünü doğrultmur. Universitet dəyişikliklərlə ayaqlaşa bilmədikcə, liderlik missiyasını itirir. Halbuki universitet bu dəyişikliklərin önündə getməli, təşəbbüskar və yönverici olmalıdır.

Bu gün ən çox səslənən fikirlərdən biri də budur ki, ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlamalıdır. Lakin bu yanaşma çox ciddi müzakirə tələb edir. Belə ki, əgər universitet yalnız mövcud əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirirsə, bu, təhsilin inkişafını əngəlləyən bir amilə çevrilə bilər. Çünki bugünki mövcud əmək bazarının vəziyyəti, əslində, universitet üçün inkişaf hədəfi yox, sadəcə hazır vəziyyəti əks etdirir. Əgər ali məktəblər öz fəaliyyətlərini yalnız bu çərçivədə qursalar, bu, universitetlərin inkişafını “dondura” bilər. Universitet bu gün ancaq əmək bazarının tələbələrinə uyğun mütəxəssis hazırlasa, bu o deməkdir ki, təhsil heç zaman inkişaf edə bilməyəcək. Hazırda ən aktual məsələlərdən biri də təhsilin fərdiləşdirilməsidir. Hər bir təhsil alan üçün fərdi təhsil trayektoriyası müəyyən olunmalıdır: o hansı məzmunu necə və nə zaman daha yaxşı qavrayır, hansı üsulla daha yaxşı öyrənir və s. Əslində, ali təhsil yarananda bu model fərdiləşmiş şəkildə qurulmuşdu. Misal üçün, Aleksandr Makedonskinin müəllimi Aristotel onunla fərdi şəkildə məşğul olub: hansı sahədə (məsələn, hərbi) güclü idisə, həmin sahə üzrə bacarıqlarını inkişaf etdirib, zəif tərəfləri isə arxa planda saxlayıb.

Zaman keçdikcə, əhalinin artması və resurs çatışmazlığı səbəbindən təhsil kütləviləşdi, çoxsaylı təhsilalanlara bir müəllim tərəfindən təlim verilməyə başlanıldı. Bu, savadlılıq səviyyəsinin yüksəlməsinə səbəb olsa da, təhsilin keyfiyyətinə mənfi təsir göstərdi. Bu gün rəqəmsallaşma və süni intellekt həmin fərdiləşmiş təhsil modelinə qayıtmaq üçün əvəzolunmaz vasitədir. Süni intellekt, əslində, “yardımçı professor” funksiyasını yerinə yetirə bilər. Tələbə 24 saat ərzində onunla ünsiyyət qurub suallar verə, mövzuları izah etdirə bilər. Bu texnologiyalar təhsilin fərdiləşdirilməsini təmin edərək onun keyfiyyətində inqilab yarada bilər. Yetər ki, bu yanaşma doğru tətbiq olunsun. Çox vaxt belə fikirlər səslənir ki, süni intellekt müəllimi əvəz edəcək. Lakin bu, tam doğru yanaşma deyil. Salman Xanın süni intellektin təhsildə rolu haqqında kitabında qeyd olunur: “Müəllimi süni intellekt yox, süni intellektdən istifadə etməyi bacaran müəllimlər əvəz edəcək”. Yəni süni intellektin rolu, müəllimi tam əvəz etmək deyil, onun tədris prosesini dəstəkləmək və gücləndirməkdir. Ekspertlərin ən çox dəstəklədiyi yanaşmaya görə, süni intellekt dərs zamanı deyil, daha çox dərsdən sonrakı tapşırıqların icrası prosesində tələbənin yanında olmalıdır. Bu səbəbdən, süni intellektin tədrisə tətbiqi yalnız texnoloji məsələ deyil, eyni zamanda pedoqoji və metodoloji məsələdir və çox həssas yanaşma tələb edir.

Təhsil prosesinin kökündən dəyişməsi vacibdir

- Çox maraqlı bir məsələyə toxundunuz. Bu günə qədər təhsil sahəsində danışılan mövzulardan biri də budur ki, ali təhsil müəssisəsi ya tələbənin, ya müəllimin, ya da dövlətindir. Sizə görə ali təhsil müəssisəsi əslində kimindir?

- 2012-ci ildə cənab Prezident tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” olduqca mütərəqqi bir sənəddir. Həmin sənəddə təhsilin, o cümlədən ali təhsilin inkişafı ilə bağlı bütün sualların cavabı mövcuddur.

Azərbaycan Dövlət İqtisad Universitetinin təsisçisi dövlətdir. Universitetin təşkilati-hüquqi forması bir neçə il əvvələdək Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) idi, lakin indi artıq publik hüquqi şəxs statusuna malikdir. Bu statusun verilməsində əsas məqsəd universitetin müstəqilliyini artırmaq olub. Həmin Dövlət Strategiyasında da cənab Prezident birmənalı şəkildə vurğulayıb ki, ali təhsil müəssisələrinin idarəetmə, maliyyə, təşkilati və akademik muxtariyyəti təmin edilməlidir. Bu niyə vacibdir? Çünki dünya, o cümlədən əmək bazarı sürətlə dəyişir. Universitetlərin dünyada baş verən bu sürətli dəyişikliklərə adekvat reaksiya verməsi üçün kifayət qədər sərbəstliyi olmalıdır. Məsələn, əmək bazarından bir sifariş daxil ola bilər ki, müəyyən bir istiqamət üzrə mütəxəssis hazırlanmasına ehtiyac var və bunun ödənişi təmin ediləcək. Həmin sifarişdə bildirilə bilər ki, ənənəvi ixtisaslar üzrə deyil, yeni ixtisas və ixtisaslaşmalar üzrə mütəxəssislərə ehtiyac duyulur. Biz isə bu tələbə cavab vermək üçün baxmalıyıq ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ixtisaslaşma siyahısında həmin ixtisas yer alır, ya yox. Doğrudur, indi bu səlahiyyət Elm və Təhsil Nazirliyinə verilib. Əgər həmin ixtisaslaşma siyahıda yoxdursa, biz bu sahə üzrə mütəxəssis hazırlığını həyata keçirə bilmərik. Bu prosedur isə çox vaxt aparır. Biz düşünürük ki, əmək bazarı ilə effektiv əməkdaşlığı təmin etmək və onların dəyişən tələblərinə uyğun mütəxəssis hazırlığını həyata keçirmək üçün akademik sərbəstliyin artırılmasına ciddi ehtiyac var.

Ya xarici dildə tədrisə keçməliyik, ya da bütün tələbələrə ingilis dilini öyrətməliyik

- Universitetlərdə tələbə-müəllim münasibətləri necə tənzimlənir?

- Bilirsiniz, tələbələr indiyə qədər təhsil prosesinin obyekti olublar. Bütün fəaliyyət tələbələrə yönəlib və onların mövcud vəziyyəti dəyişməklə bağlı tədris prosesinə təsir imkanları sıfıra bərabər olub.

Bu gün əsas məsələ ondan ibarətdir ki, tələbə təhsil prosesinin obyektindən subyektinə çevrilsin. Tələbə təhsil prosesinə birbaşa təsir göstərən tərəf olmalıdır. Belə olmamalıdır ki, “biz deyiriksə, bu, mütləq həqiqətdir”. Xeyr. O mühiti dəyişmək lazımdır. Sadəcə, bu, hər hansısa bir əmrlə baş verə bilmir. Bunun üçün sistemli və ardıcıl tədbirlər görmək lazımdır və tələbənin prosesin tərəfdaşı olması üçün təhsil prosesinin kökündən dəyişməsi vacibdir. Qeyd etmək lazımdır ki, mövcud ali təhsil sistemi keçmişdə qalmış bir çox elementi hələ də özündə ehtiva edir. Bu isə birmənalı şəkildə dəyişməlidir. Baxın, xaricdə tələbələrin seçməli olduğu fənlər var və onların sayı kifayət qədərdir. Bu, bizdə də nəzərdə tutulub. Bakalavr dərəcəsi almaq üçün 240 kredit tələb olunur, bunun 60 krediti seçmə fənlərdir. Amma o seçmə fənlər həqiqətən də tələbənin seçə biləcəyi fənlər olmalıdır. Bəzən dərs yükü çatışmadığı hallarda tələbə həmin fənni seçə bilmir və bəzən də əlavə dərs yükü yaratmaq məqsədilə tələbəyə təzyiq göstərilir ki, “sən bu fənni dinləyəcəksən”. Halbuki həmin fənn seçmə fəndir. Tələbə öz gələcək planlarına uyğun olaraq ehtiyac duyduğu fənni seçməlidir. Biz bəzən təhsillə bağlı bacarıq və kompetensiyalardan danışırıq. Bu, doğrudur. Çünki tələbəyə verilən bilik çox sürətlə köhnəlir. Amma bacarıqlar köhnəlmir. Məsələn, ünsiyyət qurmaq, vaxtı idarə etmək, komanda ilə işləmək bacarıqları və s. aktual olaraq qalır. Bu bacarıqların formalaşması isə bütövlükdə təhsil sistemində ciddi dəyişiklikləri qaçılmaz edir. Gəlin baxaq görək, tədris prosesində bu bacarıqların formalaşması ilə bağlı nəsə varmı? Təəssüf ki, yoxdur. Tələbə məzun olanda biz ona transkript veririk. Amma o transkriptdə tələbənin hər hansı bir bacarığı ilə bağlı göstərici yoxdur. Biz akademik transkript veririk: hansı fənn, neçə kredit və s. Amma bacarıqların formalaşdırılması üçün sistemli iş aparılmalıdır. İşəgötürən də universitetdən məzun olan şəxs barədə yalnız bu məlumatla kifayətlənməməlidir.

Bizim universitetimizdə etdiyimiz yeniliklərdən biri də odur ki, bu ildən etibarən tələbələrə qeyri-akademik transkript də veriləcək. Biz burada 10 bacarıq müəyyən etmişik. Beləliklə, işə qəbul zamanı tələbənin hansı bacarıqlara sahib olduğu görünəcək. Təhsil proqramları kompetensiya yönümlü olmalıdır. Məsələn, əgər iqtisadçı kadr yetişdiririksə, həmin tələbə məzun olanda zəruri bacarıqlara malik olmalıdır. Tutaq ki, tələbə makroiqtisadiyyat fənnini öyrənib və bu fəndən “əla” qiymət alıb. Bu o demək deyil ki, o artıq peşəkar iqtisadçıdır. Həmin fənnin konkret hansı iqtisadi kompetensiyanın formalaşmasında rolu müəyyənləşdirilməlidir. Biz artıq proqramların kompetensiya yönümlü proqramlara çevrilməsi üzərində işləyirik və düşünürəm ki, bu işi ilin sonuna qədər tamamlaya biləcəyik. Bütün proqramlar kompetensiya yönümlü olacaq.

Bizim üçün olduqca önəmli məsələlərdən biri də xarici dillə bağlıdır. Burada iki seçim var: ya xarici (ingilis) dildə tədrisə keçməliyik, ya da bütün tələbələrə ingilis dilini öyrətməliyik. Azərbaycan müstəqil dövlətdir və dövlət dili Azərbaycan dilidir. Bizim mövqeyimiz budur ki, təhsil əsasən (mən öz universitetimizdən danışıram) Azərbaycan dilində olmalıdır. Amma bütün tələbələr istisnasız olaraq minimum orta səviyyədə ingilis dilini bilməlidirlər. Orta səviyyə dedikdə, kitab oxuyub-anlama, ünsiyyət qurmaq və s. nəzərdə tutulur. Bu məqsədlə biz artıq iki ildir ki, bir yenilik tətbiq etmişik. Əslində bu yenilik 2017-ci ildən başlayıb. Belə ki, ingilis dilinin tədrisini 1 ildən 2 ilə qədər uzatmışıq və tədris 4 bacarıq (dinləmə, oxuma, yazma, danışma) üzrə həyata keçirilir. II kursun sonunda bizim hər bir tələbəmiz orta səviyyədə ingilis dilini bilməlidir. Ən vacibi isə odur ki, biz II kursun sonunda ingilis dili üzrə final imtahan “British Council” tərəfindən qəbul ediləcək. Bu artıq semestr imtahanı deyil. Konkret olaraq, 4 bacarıq üzrə tələbənin ingilis dili səviyyəsini “British Council” müəyyən edəcək. Düşünürəm ki, bu addımdan sonra UNEC-in hər bir tələbəsi orta səviyyədə ingilis dili biləcək və bu da öz növbəsində iş dünyasına, əmək bazarına ciddi bir mesaj olacaq: UNEC məzunu ingilis dilində minimum orta səviyyəyə malikdir. Hesab edirəm ki, bununla da UNEC məzunlarının əmək bazarındakı üstünlüyü daha da möhkəmlənəcək.

Tələbə rektoru qorxulu şəxs kimi görməli deyil

- Az əvvəlki dediklərinizdən də aydın oldu ki, bir rektor kimi tələbələrinizi çox sevirsiniz. Siz həmçinin dünyanın müxtəlif ölkələrində olursunuz. Həmin ölkələrin tələbələri ilə müqayisədə bizim tələbələr arasında hansı fərqləri görürsünüz? Bizim üçün çox maraqlıdır ki, bu günə qədər tələbələrlə qarşılaşdığınız maraqlı bir hekayə və ya situasiya olubmu?

- Bir neçə il əvvəl Strasburq Universitetinin rektoru bizim universitetdə qonaq oldu. O, xahiş etdi ki, tələbələrimizlə görüş təşkil olunsun. İngilis dili üzrə təhsil alan tələbələrimizlə görüş keçirildi. Rektorun görüşdən qayıtdıqdan sonra mənə dediyi ilk söz bu oldu: “Sənin tələbələrinin akademik azadlığı Strasburq Universitetinin tələbələrinin azadlığından daha çoxdur”. Bu mənə çox xoş təsir bağışladı. Bu da o deməkdir ki, tələbə fikrini sərbəst şəkildə ifadə edə bilir. Fikir doğru və ya yanlış ola bilər. Bu, əsas məsələ deyil. Əsas odur ki, tələbə öz düşüncəsini sərbəst şəkildə səsləndirə bilir.

Hazırda universitetimizdə 15 tələbə təşkilatı fəaliyyət göstərir. Bundan əlavə, “Tələbə rektor” da mövcuddur. Bu təşkilatların rəhbərləri, eləcə də tələbə rektoru, tələbələrin özləri tərəfindən seçilir. Bu prosesdə hər hansı inzibati müdaxilə olmur. Tələbə təşkilatlarının sayı daha da çox olmalıdır. Hədəfimiz bu rəqəmi 50-yə çatdırmaqdır. Lakin bu inzibati yolla həyata keçirilmir. Tələbələrdən təşəbbüs gəldikcə, biz bu təşəbbüsləri Elmi Şuranın qərarı ilə rəsmiləşdiririk. Məqsəd, tələbələrin maraqlarına uyğun çoxlu təşkilatların formalaşmasını təmin etməkdir. Biz, yəni UNEC rəhbərliyi həmin təşkilatların rəhbərləri ilə daim ünsiyyətdəyik və bunun sayəsində tələbələr arasında baş verənlərdən, hansı hallarda müdaxiləyə ehtiyac olduğunu vaxtında bilirik.
Maraqlı nüanslardan biri də budur: əvvəllər tələbələrlə qarşılaşanda, adətən başlarını aşağı salıb keçirdilər. Bu gün isə deyə bilərəm ki, universitet tələbələrinin təxminən 70%-i rektoru görəndə onun üzünə və gözünə baxaraq salam verir. Hesab edirəm ki, bu da böyük nailiyyətdir. Artıq tələbə rektoru qorxulu şəxs kimi deyil, dialoqa açıq bir rəhbər kimi qəbul edir. Bundan əlavə, imtahan sessiyası zamanı hər həftənin altıncı günü “Açıq qapı” günü keçiririk. İstənilən tələbə və valideynlə görüşürük. Bu görüşlər zamanı tələbələri dinlədikcə qürurlanıram. Onlar artıq müstəqil şəxsiyyət kimi formalaşırlar. Hər zaman qeyd etdiyim kimi, bu gün də həmin fikirdəyəm ki, bizim universitetin tələbələri çox yüksək potensiala malikdirlər. Əminəm ki, onlar daha da uğurlu, daha da məmnun olacaqlar.

Distant təhsil qaçılmazdır

- Azərbaycanlı tələbələrin bir qismi hazırda xarici ölkələrdə təhsil alır. Gələcəkdə UNEC-in həmin tələbələrlə görüşlər təşkil etməsi mümkün ola bilərmi? Sizcə, belə görüşlərin nəticələri və töhfələri necə ola bilər?

- Sizin toxunduğunuz məsələnin arxasında duran əsas problem ondan ibarətdir ki, universitet mühiti dəyişməlidir. Sovet mühitindən universitet tam şəkildə uzaqlaşmalıdır. Bu, necə həyata keçirilə bilər? Onlardan biri tələbələrimizin ikili diplom proqramı çərçivəsində xaricə göndərilməsi və daha sonra qayıdıb burada təhsilini davam etdirməsidir. Hazırda bizim belə 11 ikili diplom proqramımız mövcuddur. Amerika, Fransa, Litva, İsveç, Rusiya, Türkiyə, Özbəkistan və s. ölkələrlə ikili diplom proqramları reallaşdırırıq. Reallıq budur ki, bu kimi ikili diplom proqramları universitet mühitinin və sisteminin dəyişməsinə hər hansı bir ciddi təsir göstərmir. Doğrudur, bu, xaricdə oxuyan tələbə üçün əlavə üstünlük kimi qiymətləndirilə bilər. Hazırda bizim əsas düşündüyümüz budur ki, ikili diplom proqramlarındansa, xarici universitetlərin proqramlarını öz universitetlərimizə gətirək. Hətta həmin proqramlar xarici universitetlərin müəllimləri ilə birgə həyata keçirilsin. Bu, artıq kampus daxilində kampus modelidir. Yəni, universitet daxilində başqa bir universitetin təhsil mühiti formalaşdırılır. UNEC olaraq Almaniya və Böyük Britaniyanın müvafiq universitetləri ilə bu istiqamətdə artıq iki ilə yaxındır ki, işlər aparırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu işi tamamlaya biləcəyik.

Universitetlər artıq ənənəvi universitet modelindən yeni, yəni multiversitet modelinə keçirlər. Bir neçə ali məktəb bir universitetin içərisində fəaliyyət göstərir. Məsələn, universitetimizdə mühəndislik fakültəsi var. Həmin fakültədə mühəndislik və elektronika mühəndisliyi proqramı üzrə hazırlıq Almaniyanın hər hansı bir universiteti ilə birlikdə həyata keçirilə bilər. Eyni zamanda, bizdə qida mühəndisliyi üzrə proqram mövcuddur. Bu sahədə Ege Universiteti ilə ikili diplom proqramımız var. Həmin universiteti bu sahədə kifayət qədər uğurludur. Xarici universitet müəllimləri UNEC-ə gəlib tələbələrimizə dərs keçsinlər, bizim müəllim və tələbələr də fərqin olub olmadığnı, nə qədər böyük fərqin olduğunu və s. aydın şəkildə hiss etsinlər. Bəzən belə bir yanlış yanaşma mövcuddur: əgər xarici təhsildirsə, deməli, bu mütləq müsbətdir; əgər Azərbaycan təhsilidirsə, bu, daha aşağı səviyyəlidir. Bu yanaşma doğru deyil. Hesab edirəm ki, kampus daxilində kampus modelini həyata keçirə bilsək və bu model regionda ilk dəfə olaraq Azərbaycanda reallaşsa, çox az sayda ali məktəbin multiversitetə çevrilə biləcəyini nəzərə alaraq, bu model çox faydalı ola bilər. Bu kontekstdə distant təhsil də ön plana çıxır. Sirr deyil ki, bir çox yeni ixtisaslar üzrə ölkəmizdə yetərincə mütəxəssis yoxdur. Bu mütəxəssisləri xaricdən gətirmək isə böyük vəsait tələb edir. İkinci bir məsələ isə dil problemidir. Xaricdə yaşayan azərbaycanlı alimləri bu prosesə cəlb etmək lazımdır. Onlar da, ən azı, Azərbaycanda bu gün mövcud olmayan, amma ölkə iqtisadiyyatı və gələcəyi üçün çox əhəmiyyətli olan yeni ixtisaslar üzrə hazırlığın başlanmasına töhfə verə bilərlər. Bu baxımdan distant təhsil əvəzsizdir. Əlbəttə, ilkin mərhələdə bütün ixtisaslar üçün yox, ancaq hansı ixtisaslar üzrə mütəxəssis çatışmazlığı varsa, həmin sahələr üzrə distant təhsili tətbiq etmək mümkündür. Məsələn, ABŞ üçün distant təhsil bizim qədər önəmli olmaya bilər. Çünki ABŞ həm böyük ölkədir, həm də müəllim-professor heyəti kifayət qədər çoxdur. Amma bizim üçün distant təhsil olduqca əhəmiyyətli və vacibdir. Mənə elə gəlir ki, artıq bu mövzu ətrafında ciddi və açıq müzakirələrə başlamalıyıq. Şəxsi fikrim budur ki, distant təhsil qaçılmazdır. Bu təhsil forması bir çox problemlərin həllinə də yardım edə bilər. Məsələn, kimsə 40-45 yaşındadır və baytarlıq üzrə ali təhsil alıb, lakin maliyyə sahəsində çalışmaq istəyir. O zaman niyə yenidən universitetə qayıtmalıdır? Bu halda ömürboyu təhsil modeli, yəni əsasən sertifikat proqramları köməyə gəlir. Amma bu zaman da başqa bir problem ortaya çıxır: bu proqramların nəticəsində əldə olunan sertifikatları işəgötürənlər tanıyacaqmı? Məsələn, həmin şəxsin baytarlıq diplomu ilə yanaşı, mühasibatlıq üzrə sertifikatı varsa, işəgötürən bunu nəzərə alaraq onu işə götürməlidir. Həmin sertifikat da peşəkarlıq göstəricisi kimi qəbul olunmalıdır. Belə olduğu halda təhsil xidmətləri bazarı da formalaşacaq və bu həm də rəqabəti stimullaşdıracaq.

Azərbaycanda hazırda 51 ali məktəb var. Universitetlər arasında rəqabətin təşviq edilməsi çox vacibdir. Fikrimcə, bir suala cavab verməliyik: Azərbaycan kimi ölkə üçün 51 universitet azdır, yoxsa çoxdur? Mənə görə, bu, çoxdur. Rəqabətdən danışarkən ilk növbədə mövcud universitetlər arasında ədalətli rəqabət mühiti formalaşdırmaq lazımdır. Hesab edirəm ki, özəl universitetlərin sayının artırılması zəruridir. Bu, eyni zamanda dövlətin təhsilə ayırdığı vəsaitlərin daha səmərəli istifadə edilməsinə şərait yarada bilər. Rəqabətə dair növbəti məsələ Azərbaycanda xarici universitetlərin sayının artırılmasıdır. Yerli universitetlər ölkə daxilində bu təzyiqi hiss etməlidirlər. Məsələn, Özbəkistanda artıq 30-a yaxın xarici universitetin filialı açılıb. 2030-cu ilə qədər bu rəqəmin 50-yə çatdırılması planlaşdırılır.

(ardı var)