“Hesab edirəm ki, İran Prezidentinin enerji resursları və Qərb ölkələrinin siyasəti ilə bağlı səsləndirdiyi fikirlər təkcə neftlə məhdudlaşmır. Burada söhbət ümumilikdə təbii sərvətlərə sahib ölkələrin istismar olunmasından gedir. Qərbin bu istiqamətdəki siyasəti, xüsusilə də ABŞ və bəzi Avropa ölkələrinin yanaşması uzun illərdir dəyişməyib. Əsas məqsəd bu ölkələrin təbii sərvətlərinə çıxış əldə etmək, müqabilində isə həmin ölkələrdə silah satışını artırmaq və siyasi təsir imkanlarını genişləndirməkdir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərqə son səfəri zamanı imzalanan milyardlarla dollar dəyərində müqavilələr də bu siyasətin açıq təzahürüdür”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkianın son açıqlaması Qərbin Yaxın Şərqdəki siyasətinə yönəlmiş tənqid kimi qiymətləndirilib. O bildirib ki, Qərb ölkələri sabit neft tədarükünü təmin etmək üçün region dövlətlərini bir-birinə qarşı qoya bilər. “Enerji resursları olmasa, Qərb iflic vəziyyətə düşər. Onlar neftimizi alıb, bizə silah satmaq istəyirlər ki, bir-birimizlə döyüşək,” – deyə o bildirib.
Siyasi şərhçi bildirib ki, bu müqavilələr ABŞ-ın əsas marağının region ölkələrinin təbii ehtiyatları və iqtisadi potensialı olduğunu bir daha göstərdi.
“Maraqlıdır ki, bu cür silah anlaşmaları yalnız iqtisadi maraqla izah olunmur, həm də geosiyasi məqsədlər daşıyır – regionda süni qarşıdurmalar yaratmaq, ölkələri bir-birinə qarşı qoymaq, qeyri-rəsmi silahlı qruplaşmaları, bəzən isə terror təşkilatlarını dəstəkləməklə davamlı münaqişələrə zəmin hazırlamaq. Əslində bu, Qərbin köhnə siyasətidir – burada yeni heç nə yoxdur. Mövcud silah sənayesinin rentabelli olması üçün münaqişələrin davam etməsi lazımdır. Yəni silahlar istehsal olunur, satılır və dövriyyədə qalmaq üçün müharibələrə “ehtiyac” yaranır. İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın fikirləri bu kontekstdə nəzərdən keçiriləndə, onun səsləndirdiyi arqumentlərin ciddi əsasları olduğunu görmək mümkündür. İran uzun illərdir Qərbin enerji siyasətinə qarşı bu mövqedə olub. Pezeşkianın dedikləri də bu mövqenin davamı kimi dəyərləndirilə bilər. Bütövlükdə isə hesab edirəm ki, enerji resurslarının siyasi alətə çevrilməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin daxili sabitliyini pozmaq üçün istifadə olunması, beynəlxalq hüququn və regional təhlükəsizliyin pozulmasına xidmət edir. Bu da beynəlxalq ictimaiyyət üçün ciddi narahatlıq doğurmalıdır”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az