Çaldıran döyüşü MİLLİ bir məsələ deyildi.
Əvvəla, 1514-cü ildə MİLLƏT yox idi. Millət kapitalizm dövründə ortaya çıxıb.
İkincisi, o dövrdə hakimiyyətin mənşəyi ilahi idi, xanədanlar hökm sürürdü.
Üçüncüsü, xanədan üzvləri hakimiyyət üçün öz atalarını, qardaşlarını, əmilərini, əmizadələrini boğdururdular.
Sultan Səlim atasını zəhərlətmiş, qardaşlarını boğdurmuşdu, "ikimiz də türkük" deyib Səfəvilərə hücumdanmı çəkinəcəkdi?
Şah İsmayılın nəvəsi II İsmayıl Səfəvi nəslinə qənim kəsilmişdi.
Ona görə də Şah İsmayılla Sultan Səlimin savaşını MİLLİ TRAVMAYA, yaxud ÖYÜNCƏ çevirmək mənasızdır.
Səfəvilər bir imperiyadır və Azərbaycan türklərinin qurduğu imperiyadır.
Səfəvilər tam bir AZƏRBAYCAN və tam bir TÜRK dövlətidir.
Dövlətin quruluş coğrafiyası Azərbaycan, qurucu etnosu Azərbaycan, qismən də Anadolu türkləridir- Rumlu tayfasını yada salaq.
1473-də baş vermiş Otluqbeli savaşında Sultan Mehmet Fatehlə Ağqoyunlu Uzun Həsənin qarşı-qarşıya gəlməsi ilə Çaldıranda Şah İsmayıla Sultan Səlimin döyüşə girməsi arasında heç bir fərq yoxdur.
Tarixi hüsumətə çevirmək olmaz, xüsusən də qardaş toplumlar, millətlər arasında.
Çox təəssüf ki, qardaş Türkiyə cəmiyyəti bu cür ideoloji məsələlərə çox həssasdır.
Məsələn, Ərdoğana yaxın "Yeni Şəfəq" qəzeti Azərbaycanın Eurovisionda İsrailə 12 bal verməsini baş xəbər edib. Xəbərin FB paylaşımına minlərlə şərh yazılıb və bizi qınayırlar.
Axı niyə?
İsraillə Azərbaycan nəyin və kimin davasını aparmalıdır?
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində İsrail diasporunun, İsrail silahının, İsrailin modern dünyadakı nüfuzunun əhəmiyyəti kifayət qədərdir. Azərbaycan sekulyar bir dövlətdir və sekulyar bir cəmiyyətin dövlətidir. Öz milli maraqlarından çıxış edən, özünə hörmət edən bir cümhuriyyətdir. Orta Şərq bataqlığı ilə bizim işimiz yoxdur, ola da bilməz. Biz tərəqqiyə köklənmiş xalqıq.
Tərəqqiyə köklənmiş xalqlar heç zaman tarixi miflərlə yaşamırlar, tarixi öyrənir və nəticə çıxardırlar.
Taleh ŞAHSUVARLI