Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri əməkdaşlıq edəcəklər

21 May 2025 09:02 (UTC+04:00)

Azərbaycan və Uruqvayın diplomatik ali təhsil müəssisələri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Cənubi Amerika ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Mayın 20-də iki ölkənin xarici işlər nazirliklərinin diplomatik akademiyaları arasında kurikulum mübadiləsinə imkan verəcək əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”, – XİN-in mətbuat xidməti bildirib.

Xarici siyasət idarəsi bunun Bakı və Montevideo arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü, habelə Azərbaycanın Müstəqillik Gününə münasibətilə imzalandığını vurğulayıb.

Qeyd olunub ki, imzalama mərasimində Uruqvay XİN katibliyinin baş direktoru Andres Pelaes və Azərbaycanın Uruqvaydakı qeyri-rezident səfiri Rəmzi Teymurov iştirak ediblər.

Azərbaycanın Uruqvaydakı diplomatik missiyası sənədin ADA Universiteti və Artiqas Diplomatik Xidmət İnstitutunu əhatə edəcəyinə aydınlıq gətirib: “<...> ADA Universiteti və Artiqas Diplomatik Xidmət İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır”.

AzNews.az