"Rusiya-Ukrayna danışıqları: Kreml ABŞ-ni prosesdən kənarda saxlamaq istəyir"

21 May 2025 19:26 (UTC+04:00)

“Əslində burada bir neçə məqam önə çıxır. Mən həm siyasi analitik, həm də jurnalist kimi hər zaman ikitərəfli və birbaşa təmasların tərəfdarı olmuşam. Bu yanaşmanın effektivliyi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında da özünü göstərdi. Eyni tendensiyanı Türkiyə-Ermənistan münasibətlərində də müşahidə etmək mümkündür. Çünki üçüncü tərəflər, istər regional, istərsə də qlobal güclər, adətən məsələyə öz maraqları kontekstindən yanaşırlar. Düşünürəm ki, Rusiya-Ukrayna münaqişəsində də birbaşa danışıqların effektiv ola biləcəyi ehtimalı var. Amma bunun üçün vacib şərt tərəflərin bir-birinə bərabərhüquqlu yanaşmasıdır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun son açıqlaması diqqət çəkib. O bildirib ki, Moskva ilə Kiyev arasında birbaşa əlaqələrin qurulması ehtimalı gündəmdədir. Bu bəyanat Vaşinqtonun vasitəçilik rolunun arxa plana keçməsi kimi qiymətləndirilir və ABŞ-ın prosesdən mərhələli şəkildə uzaqlaşdırılması ehtimalına işarə edir.

Siyasi şərhçiyə görə, əgər tərəflər destruktiv deyil, konstruktiv yanaşma nümayiş etdirər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanarlarsa, birbaşa danışıqlar real nəticələr doğura bilər.

“Həmçinin bu halda ABŞ və Avropa İttifaqının prosesə birbaşa müdaxiləsinin qarşısı müəyyən qədər alınmış olar. Lakin burada başqa bir vacib məqam var: Rusiya nəyə görə birbaşa danışıqlarda maraqlıdır? Çünki hazırda, istər hərbi, istər siyasi baxımdan Ukrayna ilə müqayisədə üstün mövqedədir. Rusiya bu üstünlükdən istifadə edərək Avropanın Ukraynaya verdiyi dəstəyi zəiflətmək, eyni zamanda Ukraynaya edilən təzyiqləri neytrallaşdırmaq niyyətindədir. Kreml düşünür ki, ABŞ və Avropanı prosesdən kənarlaşdırmaqla Ukrayna ilə daha rahat razılaşa bilər. Yəni, Rusiyanın strategiyası budur: “Mən güclü tərəf kimi oturum və bu məsələnin həllini birbaşa Ukrayna ilə müəyyən edim.” Əlbəttə, bu ssenari hələ reallaşmayıb, amma belə bir ehtimal mövcuddur və bu ehtimal az da deyil. Diplomasiyada heç nəyi mütləq kimi qiymətləndirmək olmaz, biz yalnız proqnoz verə bilərik”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ faktoru ayrıca diqqətə layiqdir, çünki Vaşinqton heç vaxt könüllü şəkildə prosesdən kənara çəkilməz:

“Əksinə, ABŞ Rusiya ilə qlobal mübarizə aparır və bu prosesdən kənarda qalmaq fikrində deyil. Birləşmiş Ştatlar həm müharibənin sonrakı mərhələsində Ukraynaya iqtisadi və siyasi dəstək göstərmək, həm də regionda öz maraqlarını qorumaq niyyətindədir. Xüsusilə də müharibə bitdikdən sonra Ukraynada iri investisiya layihələrinin reallaşdırılması ABŞ üçün strateji əhəmiyyət daşıyır. Hazırkı ABŞ administrasiyası bəzən “prosesdən çəkilə bilərik” tipli açıqlamalar versə də, bu daha çox taktiki gedişdir – hər iki tərəfə mesajdır ki, əgər bizim vasitəçiliyimiz nəticə verməzsə, biz prosesdən çəkilə bilərik. Amma bu, real plan deyil – ABŞ heç vaxt tam kənarda qalmayacaq. Şərqi Avropa və ümumilikdə Avrasiya geosiyasi məkanında ABŞ-ın maraqları uzunmüddətlidir və bu maraqlar dəyişmir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az