Siyasətçilər tarixi hadisələri konyuktura naminə dəyərləndirirlər- Qulamhüseyn Əlibəylinin məqaləsi

22 May 2025 01:46 (UTC+04:00)

Bütövlükdə dünyada, o cümlədən mənsub olduğumuz coğrafiyada hadisələr sürətlə cərəyan edir ki, bəzən birini özün üçün əməlli-başlı təhlil etməyə imkan tapmamış dalbadal yeniləri gəlir. Belə olanda sosial mediada 500 yüz ildən artıq bundan əvvəl 2 türk imperiyası arasındakı döyüşə bu qədər yer ayrılması təəccüb doğurur. İstər peşəkar tarixçilərin, istər müəyyən tarixi mənbələri və ya başqa xalqların tarixçilərinin ayrı-ayrı kitablarını oxuyaraq özlərini peşəkar tarixçilərdən daha üstün hesab edənlərin, xüsusən də siyasətçilərin tarixi hadisələri bu günkü baxışdan sosial mediada təhlil etməyə cəhd göstərməsini o qədər də uğurlu fəaliyyət saymıram. Xüsusən də siyasətçilərin tarixə belə müraciətlərini yolverilməz hesab edirəm. Fərqi yoxdur, Türkiyə Cümhuriyyətinin prezidenti, parlament sədri və ya Azərbaycan Milli Məclisinin daimi komitə sədri tərəfindən edilsin. O mənada ki, siyasətçilər tarixi hadisələri tarixi ədalət naminə deyil, bir qayda olaraq, cari siyasi konyuktura naminə dəyərləndirirlər.

Sosial media istifadəçiləri isə əsasən emosional yanaşma sərgiləyirlər. Bu günkü sosial mediamız daha çox Türkiyə prezidenti sayın Ərdoğanın Çaldıran döyüşü haqqında dünya çaplı siyasətçiyə uyğun olmayan ehtiyatsız deyimi üzərində fokuslanıb. Bizim sosial media istifadəçiləri isə faktiki bir neçə qrupa bölünərək emosiyalarını izhar edirlər. Birinci qrupa Ərdoğanı xoşlamayanlar daxildir ki, emosiyalarını daha çox Cümhurbaşqanının şəxsiyyəti üzərində cəmləyərək onu az qala hər şeyin günahkarı hesab edir, aşağılamağa və təhqirə üstünlük verirlər. Şərti olaraq anti Ərdoğançı adlandırıla biləcək bu qrup İran-fars təbliğatının təsiri altında olan şəxslərin də buraya qoşulması hesabına sosial mediada daha üstün və fəal görünür. Nisbətən azlıqda qalan ikinci qrup Şah İsmayılı hər şeyin günahkarı, bütün bəlaların baiskarı hesab edir, Osmanlı – Səfəvi müharibələrini şiəçilik, məzhəb müharibələri kimi qələmə verməyə salışır, bəzi hallarda onun şəxsiyyətini aşağılamaqdan da çəkinmirlər.

Üçüncü qrupu Ərdoğanın şəxsiyyətinə toxunmadan onun fikrini müəyyən tarixi materiallar əsasında təkzib etməyə salışan şəxslər, dördüncü qrupu isə mənim kimi belə mübahisələri yersiz və mənasız hesab edən şəxslər təşkil edir ki, son iki qrupa daxil olanlar mütləq azlıqda qalırlar.

Ümumiyyətlə hər kəsin öz fikrini mümkün vasitələrlə sərbəst ifadə hüququna hörmətlə yanaşsam da, sosial medianı ciddi tarixi və siyasi mübahisələr üçün uyğun yer hesab etmirəm. Qardaş dövlət başçısının və siyasi xadimlərinin, tarixi şəxsiyyətlərin aşağılanmasını, təhqir olunmasını yolverilməz sayıram.

Gəlin nəzərə olaq ki, ilkin orta çağlar dövründən (bəlkə də miladdan öncə) son orta çağlar dövrünədək Çindən, indiki Uyğurıstandan, Sibirdən başlayaraq indiki mərkəzi və cənubi şərqi Avropaya qədər geniş bir çoğrafiya türk etnosunun bir-biri ilə döyüş və müharibə məkanına çevrilib, müxtəlif adlar altında türk imperatorluqları, dövlət qurumları bir-birini əvəz edib. Bu müharibələr nə din, nə məzhəb, nə də fars ideologiyası uğrunda aparılmayıb. Bir tərəfdən, imperatorluqların nəzarəti altında olan ərazilərin genişləndirilməsi, digər tərəfdən isə böyük ipək yoluna nəzarət edilməsi uğrunda, bir sıra hallarda qan qohumları apasında aparılıb. Hakimiyyət eyni etnogenizə mənsub olan tayfalar və xalqları bir birinə düşmən edib, hətta atanı oğul, oğulu ata qatili edib. Onlar hamısı bizim tariximizdir, mənsub olduğumuz coğrafiyanın tarixidir. O imperatorluqları, dövlət qurumlarını, onlara rəhbərlik edən şəxsləri etnosumuzun, coğrafiyamızın tarixindən silə bilməyəcəyik.

Ona görə də tarixi hadisələri peşəkar tarixçılərin elmi təhlilinə buraxıb, ildırım sürəti ilə dəyişən cari dövrümüzün siyasətinə fokuslanmağı daha düzgün hesab edirəm.

P.S. Osmanlı – Səfəvi müharibələri nə Çaldıran döyüşü, nə də ondan təxminən 60 il sonra baş vermiş Çıldır döyüşü ilə bitmədi. Müəyyən fasilələrlə təxminən 2 əsr davam etdi və Səfəvi dövlətinin dağılması, onun yerində Əfşarlar dövlətinin (Nadir şah) yaranması ilə bitdi.

Qulamhüseyn Əlibəyli,

Aydınlar Partiyasının sədri