Bakı–Brüssel xətti: Hikmət Hacıyevin görüşlərinin strateji mənası - Əliməmməd Nuriyev yazır

23 May 2025 01:48 (UTC+04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsselə səfəri, bölgədə cərəyan edən geosiyasi proseslər və regional dinamika fonunda strateji məna kəsb edir.

Birincisi, səfərin zamanlaması təsadüfi deyil. Bu görüşlər Ermənistanla sülh müqaviləsi danışıqlarının intensivləşdiyi, Zəngəzur dəhlizi və konstitusion dəyişikliklərlə bağlı gərginliyin yaşandığı bir mərhələyə təsadüf edir. Məhz belə bir həssas dövrdə Brüsselə diplomatik səfər, Azərbaycanın mövqeyinin qabaqlayıcı şəkildə çatdırılması baxımından əhəmiyyətlidir.

İkincisi, Avropa İttifaqı bu səfərlə mühüm siyasi mesaj verir. Aİ rəsmisi Belen Martines Karbonellin “Avropa İttifaqı regionda sülhə sadiqdir” bəyanatı, Brüsselin Bakı ilə strateji tərəfdaşlığı prioritet kimi dəyərləndirdiyini və Ermənistanın birtərəfli iddiaları fonunda balanslı mövqe saxlamağa çalışdığını göstərir.

Üçüncüsü, NATO ilə münasibətlərin dərinləşməsi fonunda bu səfər xüsusi anlam daşıyır. Enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi fonunda Azərbaycanın geosiyasi çəkisi artmaqdadır. Brüsseldə keçirilən görüşlər NATO-nun Azərbaycanı sabit və etibarlı tərəfdaş kimi qəbul etdiyinin göstəricisidir.

Nəhayət, bu səfər diplomatik sinxronizasiyanın nümunəsidir. Azərbaycan eyni gündə və eyni məkanda – Brüsseldə – həm Avropa İttifaqı, həm də NATO ilə yüksək səviyyəli görüşlər keçirərək öz xarici siyasət xəttində çevikliyi və peşəkarlığı nümayiş etdirdi.

Hikmət Hacıyevin bu danışıqları Azərbaycanın Avropa siyasi təhlükəsizlik arxitekturasında yerini daha da möhkəmləndirməklə yanaşı, Ermənistanın beynəlxalq müstəvidə yaratmağa çalışdığı birtərəfli dezinformasiya fonunda Bakı üçün çevik və balanslı cavab platforması rolunu oynayır.

Əliməmməd Nuriyev,

Konstitusiya” Araşdırmaları Fondunun prezidenti