Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı 7,7 % təşkil edir.
Bunu Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.
Onun sözlərinə görə, bunun 1,8 %-i kölgə iqtisadiyyatının payına düşür.
"İlk baxışda bu rəqəm kiçik görünə bilər, lakin bu, 3,2 milyard manatlıq məhsul və xidmətin statistikadan kənarda qalması, 2,2 milyard manatlıq əlavə dəyərin isə uçotdan gizlədilməsi deməkdir".
R.Səlimov vurğulayıb ki, ölkə iqtisadiyyatının təxminən 35 %-i neft-qaz sektorunun payına düşür və bu sahədə müşahidə olunmayan iqtisadiyyat faktiki olaraq yoxdur: "Bütün əməliyyatlar şəffaf şəkildə uçota alınır. Bu səbəbdən 7,7 % qeyri-neft sektorunda daha ciddi paya malikdir".
O hesab edir ki, statistik məlumatların keyfiyyəti və tamlığı, ilk növbədə müşahidə olunmayan iqtisadiyyatın düzgün qiymətləndirilməsindən asılıdır: “Ənənəvi metodlarla müşahidə olunmayan iqtisadi proseslərin dəqiq ölçülməsi çətindir. Ən böyük çətinliklərdən biri isə bəzi sahibkarların istehsal etdikləri məhsul və xidmətlərin həqiqi həcmini bilərəkdən tam və ya qismən gizlətməsidir. Gizlədilən məhsullar bazarda satılır, sahibkar gəlir əldə edir, lakin bu fəaliyyət dövlət orqanları tərəfindən qeydə alınmır. Nəticədə ÜDM və onun dinamikasını əks etdirən statistik göstəricilər təhrif olunur”.
R. Səlimov vurğulayıb ki, çirkli pulların yuyulması prosesi terrorçuluğun maliyyələşdirilməsi üçün də əlverişli platforma yaradır: “Bu baxımdan müşahidə olunmayan iqtisadiyyatın həcminin azaldılması və onun statistik ölçülməsi bu sahədə mübarizənin effektivliyinin artırılması üçün əsas şərtlərdəndir"
Sədr müavini əlavə edib ki, müşahidə olunmayan iqtisadiyyat anlayışına müxtəlif yanaşmalar mövcuddur və bu, terminoloji çaşqınlığa səbəb olur: “Çox vaxt gizli iqtisadiyyat, kölgə iqtisadiyyatı, qeyri-formal və qeyri-qanuni iqtisadiyyat, "qarabazar" kimi ifadələr eyni anlamda işlədilir. Terminlərin çoxluğu isə bu sahədə ixtisaslaşmayan şəxslərdə anlaşılmazlıq yaradır və müzakirələrin məzmununu qeyri-müəyyən edir”.